Pakistanda Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Pakistanda Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub
# 26 iyun 2019 17:23 (UTC +04:00)

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə rəsmi tədbir keçirilmişdir. İlk dəfə olaraq Pakistanın Birləşmiş Qərargahında keçirilən bu rəsmi mərasimdə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının generalları, zabitləri və Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin diplomatları iştirak ediblər.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixi və inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsinin fəsadları, erməni təcavüzünün və Xocalı Soyqırımının nəticələri və Azərbaycan-Pakistan ikitərəfli hərbi əməkdaşlığı haqqında məlumatı özündə əks etdirən brifinq və videomateriallar iştirakçılara təqdim olunub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov tədbir iştirakçılarını salamlayaraq, onlara Silahlı Qüvvələrimizin yaranma tarixi, inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan ilə Pakistan arasında ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında məlumat verib. O, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsi olaraq hər bir sahədə olduğu kimi ordu quruculuğunda da əldə olunmuş nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlardan ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd edib.

İki qardaş ölkə, Azərbaycan və Pakistan arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən polkovnik M. Novruzov, bu əlaqələrin hərbi, hərbi-təlim və hərbi-texniki sahələri də əhatə etdiyini və dinamik inkişaf olduğunu vurğulayıb.

Polkovnik M. Novruzov 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda işğalçı Ermənistan ordusunun təxribatının qarşısının alınması məqsədilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları və Naxçıvan Muxtar Respublikasında Günnüt kəndi də daxil olmaqla böyük ərazilərin və strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə nəticələnən 2018-ci ilin may hərbi əməliyyatlarından danışaraq, ordumuzun uğurlarının bundan sonrada davam edəcəyini diqqətə çatdırıb.

O, tezliklə Azərbaycan ilə Pakistan xüsusi təyinatlılarının birgə təlimlərinin keçiriləcəyini və bu cür təlimlərin iki qardaş ölkənin Silahlı Qüvvələri arasında təcrübə mübadiləsi və qarşılıqlı uyarlılığın əldə olunması baxımından çox mühüm olduğunu bildirib.

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, aviasiya vitse-marşalı İrfan Zaka Pakistanın Birləşmiş Qərargah rəisləri komitəsinin sədrinin təbriklərini çatdırmış, Azərbaycan və Pakistanın hərbi əməkdaşlığının ilbəil güclənməsinin, Azərbaycan Silahlı Qüvvələrinin günü gündən qüdrətlənməsinin sevindirici olduğunu qeyd etməklə xoş arzularını bölüşmüşdür.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Azərbaycanla Pakistanın ortaq dəyərlərə və bağlara sahib olduğunu, Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin yarandığını qeyd etmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir Əli Əlizadə bunun nəticəsində hərbi sahədə də qarşılıqlı əməkdaşlığın dərinləşdiyini, birgə həyata keçirilən işlər və layihələrin mütəmadi artdığını vurğulayıb. Səfir Pakistan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda və forumlarda bir birini dəstəklədiyini, Pakistanın Azərbaycanın ədalətli mövqeyinin tərəfdarı və dəstəkçisi olmasının daim məmnunluqla qarşılandığını deyib.

Azərbaycan Silahlı Qüvvələr Günün Pakistanın Birləşmiş Qərargahında keçirilməsinin möhkəm əməkdaşlığa, strateji dostluq və qardaşlığa əsaslanan Pakistan-Azərbaycan əlaqələrinin bir təzahürü olduğunu bildirən Əli Əlizadə, təşəbbüs və təşkilatçılığa görə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinə və rəhbərlik etdiyi heyətə təşəkkürlərini çatdırıb.

Çıxışlardan sonra rəmzi tort kəsilib, Pakistan Birləşmiş Qərargahının Fəxri qonaqlar kitabında xatirə sözləri yazılıb və hər iki tərəfdən rəsmi hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR