Azay Quliyev: "Bəzi hallarda deputatların adlarından istifadə edib layihələrə rəy göndərirdilər"

Azay Quliyev: "Bəzi hallarda deputatların adlarından istifadə edib layihələrə rəy göndərirdilər"
  • Clock-gray 16:29
  • calendar-gray 24 İyun 2019

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq layihələrin qiymətləndirilməsinə vətəndaşları dəvət edib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Səlis elektron vətəndaş proqramının tətbiqi"nin nəticəsinə həsr olunmuş brifinqdə Şura sədri Azay Quliyev bildirib.

Azay Quliyevin sözlərinə görə ekspertlərlə yanaşı, vətəndaşların da layihələrin qiymətləndirilməsində iştirakının əsas məqsədi  layihələrin ictimaiyyətə açıq olmasını, aşkarlığın ən yüksək səviyyədə təşkilini və dövlət vəsaitinin xərclənməsi prosesində onların şəffaflığını təmin etmək olub: "Vətəndaşlar bizim layihələri hansı formada maliyyələşdirdiyimizi görür və bunda iştirak edirlər. Biz layihələri onlayn təqdim etməklə Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətini daha da stimullaşdırmış olduq".

Sədr "Elektron vətəndaş proqramı"nın ilk dəfə tətbiq edilməsinə baxmayaraq, nəticənin  sevindirici olduğunu vurğulaylb: "Layihələrin sayı 265 idi, onlardan 11-i texniki səbəblərdən qəbul edilməyib. Vətəndaşların layihələri qiymətləndirilməsinə 21 gün vaxt ayrılmışdı və 10930 vətəndaş layihələrin qiymətləndirilməsində iştirak edib. Qeydiyyatdan keçən vətəndaşlar 73 bölgəni əhatə edir. Vətəndaşlardan daxil olan rəylərin sayı isə 12491 təşkil edib. Layihənin qiymətləndirilməsində tətbiq edilmiş qayda belə idi ki, hər 3 rəy bir bal hesab edilirdi".

A.Quliyev verilən rəylərin daha sonra filtrdən keçirildiyini qeyd edib: "Bəzi vətəndaşlar saxta yollarla qeydiyyatdan keçməyə çalışsalar da, bu, aşkarlanıb və beləliklə, 1220 rəy silinib. Rəylərin silinməsinin birinci səbəb o idi ki, vətəndaşlar doğru şəkildə qeydiyyatdan keçməyiblər. Bundan başqa əsaslandırılmayan rəylər var idi. Bəzi rəylər sadəcə rəy xatirinə yazılıb. Daha sonra elə rəylər var idi ki, bir neçə nəfər tərəfindən dəfələrlə köçürülmüşdü. Biz bu rəyləri də nəzərə almadıq. Elə rəylər də var idi ki, QHT rəhbərləri tərəfindən öz təşkilatları barədə yazılmışdı. Biz bunları da sildik. Bəzi hallarda deputatların adlarından istifadə edib layihələrə rəy göndərirdilər. Biz təbii ki, bu rəyləri də araşdırıb saxta olduğunu dəqiqləşdirdik".

Sədr ekspertlərdən 60 yekun keçid balı toplamış layihələrin sayının 191, vətəndaşlardan 20 və daha çox keçid balı toplamış layihələrin sayının 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplamış layihələrin sayının 30, 1-dən 20-dək vətəndaş balı toplamış layihələrin sayının 94, 0 vətəndaş balı toplamış layihələrin sayının isə 59 olduğunu bildirib: "Biz maksimum çalışdıq ki, həm ekspertlərdən, həm də vətəndaşlardan bal toplamış layihələr arasında balanslaşdırmanı təmin edək".

A.Quliyev artıq bu gündən Appelyasiya Komissiyasının fəaliyyətə başladığını da vurğulayıb: "QHT-lər 5 iş günü ərzində appelyasiya şikayəti verə bilərlər. Bizim Appelyasiya Komissiyamız bu şikayətlərə baxış keçirərək yenidən qiymətləndirilmə aparılmasını təmin edəcəklər".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date