SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimatı olub

SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimatı olub
# 30 oktyabr 2019 12:58 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Şuranın sədri Azay Quliyev SƏLİS barədə məlumat verərək deyib ki, SƏLİS vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir. SƏLİS-i yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir: “Şura Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin, dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tuturaq, göstərilən xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan edərək, QHT məmnunluğunu təmin etmək məqsədilə 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bununla da Şura elektron hökumətə keçidi tam başa çatdırıb. Bu xidmətlər SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında elektron bazada birləşdirilib”.

A. Quliyev deyib ki, artıq müsabiqə qaydalarında dəyişiklik etmək istəyirlər: “İxtisaslaşmış sahələr üzrə dövlət qurumlarını qrant müsabiqələrində qalibləri birgə müəyyən etməyə dəvət edəcəyik. Hesab edirəm ki, bu, gələcəkdə müxtəlif sahələr üzrə problemlərin həllinə böyük töhfə verəcək. Təklif edirik ki, yaxın dövrdə İnternet bankçılıq sistemi yaradılsın. Artıq banklarla danışmışıq, QHT layihələri üzrə bütün əməliyyatlar elektron formada həyata keçiriləcək. Qrant müqavilələri və bildirişlərdən tutmuş sənədlərlə bağlı əməliyyatlar vahid idarəetmə ilə ağıllı telefonlar vasitəsi ilə həyata keçiriləcək”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, SƏLİS-in yaradılması, təqdimatının keçirilməsi bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini yüngülləşdirəcək və şəffaflaşdıracaq.

Prezidentin köməkçisi nəzərə çatdırıb ki, vətəndaşların məmnunluğunun təməlində onun sosial-iqtisadi və digər problemlərinin həlli, firəvan həyatının, təhlükəsizliyinin təmin olunması, təşəbbüslərinin dəstəklənməsi dayanır: “Yeni yaranan xidmətlərin, o cümlədən bu gün təqdimatı keçirilən SƏLİS-in də təməlində bu dövrün vətəndaş cəmiyyəti quruculuğu prosesi siyasəti dayanır. 2007-2008-ci illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə iki mühüm konsepsiya qəbul olundu. Bu konsepsiyalardan biri QHT-lərə, yəni vətəndaş təşəbbüslərinə dəstək konsepsiyası idi. Bu konsepsiyanı reallaşdırmaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Şura şəffaf şəkildə formalaşdırıldı, üzvləri müxtəlif QHT-nin təqdimatı ilə seçildi. 10 ildən çoxdur, Şura fəaliyyət göstərir və fəaliyyətini gündən-günə təkmilləşdirir. Vətəndaşlara göstərdiyi xidmətləri müasir dünya səviyyəsinə gətirir, elektronlaşdırır və bu xidmətlərdə şəffaflığı təmin edir. Digər konsepsiya KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası və bununla bağlı Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Fondun Müşahidə Şurası da KİV-in təqdim etdiyi siyahılar əsasında, şəffaf qaydada formalaşır, Prezident İlham Əliyev onları təyin edir. Mən bu gün Şura və Fondun fəaliyyətlərini müqayisə etmək istəmirəm. Amma görünən budur ki, Şura elektron xidmətlə KİVDF-dən qabağa keçdi. Bu, yaxşı nümunədir. Düşünürəm ki, KİVDF də bundan sonra KİV-ə göstərilən dəstəyi təmas olmadan, məsafədən elektron hökumət vasitəsi ilə həyata keçirə, bu xidməti yarada bilər. Ən əsası odur ki, KİV-ə göstərilən dəstək də şəffafdır, orada qaranlıq məqam yoxdur. Hər bir qəzetə ayrılan yardım bəllidir, ilin əvvəlində Fondun Müşahidə Şurasında redaktorların iştirakı ilə müzakirə olunur. Əsas məsələ jurnalist müsabiqələrinin keçirilməsidir. Fond ildə iki dəfə müsabiqə keçirir, hər müsabiqədə çoxlu sayda jurnalist mükafatlandırılır. O prosesi elektronlaşdırmağın vaxtıdır”.

Ə. Həsənov vurğulayıb ki, 15 il ərzində Azərbaycanın iqtisadi, siyasi, sosial həyatının bütün sahələri yenilənib: "2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev yeni kurs elan etdi. İlk növbədə, bu kurs ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasından ibarət idi. Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Hələ də ayrı-ayrı iş adamları dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri də dövlət qulluqçularına gedib çıxır. Keçən dəfə Prezident İlham Əliyev iqtisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, vətəndaşların tam iştirakı ilə qurulması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq. Şəffaflaşdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Bu gün sizinlə birlikdə o kursun nəticələrini görürük".

Milli Məclisin sədr müavini Bahar Muradova da SƏLİS layihəsinin əhəmiyyətindən danışıb: "QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub. Burada elektron vətəndaş və elektron apelyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün hər bir vətəndaşımız, QHT yolu ilə ölkəmizə xidməti yol tutan şəxslərin bütün qurumlarla əlaqələri elektron şəkildə şəffaf fəaliyyəti təmin edilir".

B. Muradova qeyd edib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır, əsas məsələ vətəndaş cəmiyyət münasibətlərində QHT-nin xidmət göstərməsidir: "QHT Şurasının SƏLİS layihəsi vasitəsilə bütün donor təşkilatların cəlb edilərək ideyaların irəli sürülməsi, layihələrin yazılması, maliyyənin ayrılması, xərclənməsi, apelyasiyadan keçməsi məsələləri vətəndaşların diqqət və nəzarəti altında olacaq. Vətəndaş cəmiyyəti qurumları, problemlərin həllini öz üzərinə götürən insanlar məsuliyyəti özləri daşıyacaq.

Məni razı salan məsələlərdən biri də apelyasiya prosesidir. Burada heç nə gizli qalmır və proses bütün narahatlıqlara son qoyur. Hesab edirəm ki, bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməlidir. Layihənin xüsusilə də ATƏT-də təqdimatının keçirilməsini təklif edirəm".

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, SƏLİS əlçatanlılığı təmin edir: “Sistem müasir idarəetməyə tam uyğundur. SƏLİS həm də şəffaflığı təmir edir”.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai isə deyib ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı üçün atdığı addımlar BMT tərəfindən alqışlanır: “SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırıq. Ümid edirik ki, SƏLİS özünü doğruldacaq”.

Tədbir SƏLİS-in yaradılmasında xidməti olan Şura əməkdaşlarının mükafatlandırılması ilə davam edib.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR