Azay Quliyev: "QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət deyil"

Azay Quliyev: "QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət deyil"
  • Clock-gray 08:50
  • calendar-gray 26 Yanvar 2018

"Şuranın bir neçə ilə xarici QHT-yə uğurla verdiyimiz dəstək artıq 2 ildir, dayandırılıb".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

 

A. Quliyev deyib ki, xarici QHT ilə bir çox layihə həyata keçirilib: "Bu layihələrin bəziləri mətbuata açıq olub, bəzi hallarda isə milli maraqlarımızın təminatı baxımından donorun kim olduğunun qabarıq şəkildə verilməsinin tərəfdarı olmamışıq. Bu, effektiv bir təşəbbüs idi. Prezident vaxtilə belə layihələrin maliyyələşdirilməsi üçün vəsait ayırdı. İndi xarici proqramları tamamilə dayandırmışıq".

 

Şura sədri quruma ayrılan vəsaitlərin də az olduğunu nəzərə çatdırıb: "Milli Məclisdə müzakirələr zamanı da bu məsələni qeyd etdim. Təsəvvür edin ki, Şuraya QHT-lərin fondu üçün ayrılan vəsait 5 milyon manatdır. Ölkədə 4 minə yaxın QHT fəaliyyət göstərir. Biz həmin fondu riyazi olaraq 4 min QHT-yə bölsək, 1200-1300 manat düşür. Şuraya dövlət büdcəsindən QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət deyil. İl ərzində 1200-1300 manatla nə edə bilərik. Ona görə də məcburuq ki, QHT-lərin layihələrinə ayrılan vəsaitin həcmini  azaldaq. Biz maksimum bir layihəyə 10 min manatın ayrılmasını nəzərdə tuturuq. Amma QHT-lərin hamısının layihəsinə 10 min manat ayırmırıq, 5-8 min manat ayırırıq. Bu, bizim üçün əsas problemlərdən biridir. Ümid edirəm ki, növbəti ildə mütləq şəkildə bu məsələyə baxılmalıdır".

 

A. Quliyev Şuranın yeni maliyyə mənbələrinin tapılması istiqamətində axtarışlarının davam etdiyini açıqlayıb: "Belə təşəbbüs var ki. özəl sektoru bu və ya digər şəkildə QHT-lərin layihələrinin maliyyələşdirilməsinə cəlb edək. Biz Şuranın tərkibində bu məqsədlə ayrıca bir fond, hesab yaradacağıq. Həmin hesaba maraqlı ideyaların maliyyələşdirilməsi üçün ayrı-sayrı donor təşkilatlarının, yəni kommersiya qurumlarının cəlb edilməsi məsələsinə baxaq. Çox istərdim ki, mətbuat da bizə dəstək versin, kommersiya qurumlarını bu təşəbbüsə cəlb edək. Alternativ maliyyə mənbələri olmadan QHT-lərin fəaliyyəti kifayət qədər çətinləşəcək. Mən istərdim ki, həm hökumət, həm də özəl sektor QHT-lərin nəcib fəaliyyətinə dəstək versinlər, bir çox layihələrin maliyyələşdirilməsi mümkün olsun".

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date