Azərbaycanda bələdiyyə qulluğuna müsabiqə keçirilməsi qaydası müəyyənləşib

Azərbaycanda bələdiyyə qulluğuna müsabiqə keçirilməsi qaydası müəyyənləşib
# 22 oktyabr 2015 06:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

Qaydaya əsasən, on altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət müsabiqə komissiyası yaradılır. Bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün bələdiyyənin müsabiqə komissiyası müsabiqə elan edir. Elan bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün müddətində müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir. Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda və yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

Müsabiqə müsabiqə komissiyası tərəfindən namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir. 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir. Müsahibə zamanı hər namizədin iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu, bilik səviyyəsini və ümumi dünyagörüşünü müəyyən etmək üçün suallar verilir. Namizədin sual və tapşırıqlara verdiyi yazılı cavabların hər biri və müsahibə zamanı suallara verdiyi cavablar 5 ballıq sistem üzrə qiymətləndirilir. Namizədlərin balları eyni olduqda, müvafiq ixtisas üzrə əmək stajı daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı olanlara üstünlük verilir. Müsabiqənin nəticəsinə uyğun olaraq, ən yüksək bal toplamış namizəd 10 iş günü müddətində vakant iş yerinə təyin edilir. Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu tarixdən 30 gün müddətində bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR