Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərgi açılıb
# 05 mart 2020 16:59 (UTC +04:00)

Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, muzeyin direktoru Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib.

Bildirib ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Muzeyimizin ziyarətçiləri öz evlərindən bizi izləyə bilərlər”.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev Milli Xalça Muzeyində mütəmadi təşkil edilən sərgilərin əhəmiyyətindən söz açıb. F.Babayev ilk virtual sərgi münasibətilə muzeyin kollektivini təbrik edib, uğurlar arzulayıb.

Daha sonra sərgi təqdim edilib. Muzeyin direktoru sərgidə nümayiş olunan xalça nümunələrinin hər biri haqqında məlumat verib: “Sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə edilən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunur. Bu əşyalar müxtəlif təşkilat və şəxslər tərəfindən hədiyyə edilib, həmçinin özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub. Ümumilikdə son üç ildə muzeyin kolleksiyalarına 68 əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib. Bu gün təqdim olunan nümunələrdən 21 eksponat ilk dəfə sərgilənir”.

Tədbirdə həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumat yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.

“Zənginləşən xəzinəmiz” sərgisi martın 26-dək ziyarətçilər üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR