Azərbaycan Vokalçıları Festivalının açılışı olub

Azərbaycan Vokalçıları Festivalının açılışı olub
# 17 dekabr 2019 20:05 (UTC +04:00)

Dekabrın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Vokalçıları Festivalının açılışı olub.

APA-nın məlumatına görə, "Mədəniyyət” kanalının direktoru, festivalın ideya müəllifi və bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov çıxış edərək bildirib ki, belə bir tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan klassik musiqisinin inkişafı və təbliğ etdirilməsi, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

O, Azərbaycan klassik vokal məktəbinin zəngin tarixə malik olduğunu diqqətə çatdırıb: "Təməli böyük ifaçımız, adını tarixə yazan Bülbül, Şövkət Məmmədova kimi sənətkarlarımız tərəfindən qoyulan vokal sənəti bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunur. Müasir Azərbaycanda hər bir sahə inkişaf etdiyi kimi, mədəniyyət sahəsi də inkişaf edir. Bu günləri bizim peşəkar musiqi ordumuz, eyni zamanda klassik vokal məktəbimizin davamçıları var. Azərbaycanda milli musiqi, aşıq, folklor musiqisi ilə yanaşı eyni zamanda vokal məktəbi də var. Bildiyiniz kimi, Heydər Əliyev Fondu və şəxsən ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan musiqisi dünyanın müxtəlif ölkələrində təbliğ olunur. Məhz bu diqqət və qayğı bizi ruhlandırıb, hazırkı festivalın gerçəkləşdirilməsinə zəmin yaradıb. Ona görə biz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi olan Azərbaycan Vokalçıları Festivalını keçirmək qərarına gəldik".

R.Qasımov festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələrinin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacağını vurğulayıb.

Sonra Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının konserti olub.

Qeyd edək ki, festivalın təntənəli bağlanış mərasimi dekabrın 24-də Heydər Əliyev Mərkəzində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR