Rusiyanın Xalq artisti: "Ürəyim və sevgim hər zaman Azərbaycanladır"

Rusiyanın Xalq artisti: "Ürəyim və sevgim hər zaman Azərbaycanladır"
# 04 fevral 2020 16:27 (UTC +04:00)

“Mənim ürəyim və sevgim hər zaman Azərbaycanladır”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Oleq Tabakov adına teatrın bədii rəhbəri, tanınmış teatr və kino aktyoru, Rusiyanın Xalq artisti Vladimir Maşkov bildirib.

O, yaxın vaxtlarda Bakıya səfər edəcəyini söyləyib: “Çoxdandır Bakıda olmuram. Bakı gözəl və möhtəşəm şəhərdir. Hər zaman da belə olub. Bakıda çox dostlarım var. Məni tez-tez dəvət edirlər. Çox yaxın dostum, Bakıda doğulub böyüyən Timur Vaynşteyn məni hər zaman Bakıya dəvət edir. Ümid edirəm ki, tezliklə onunla birlikdə isti, möhtəşəm və mehriban Bakıya səfər edəcəyəm. Səbirsizliklə Bakıya səfərimi gözləyirəm".

V. Maşkov Azərbaycanın böyük mədəniyyətə sahib olduğunu qeyd edib: "Son vaxtlar başım teatra, kinoya o qədər qarışıb ki, hər şeyi izləyə bilmirəm. Lakin əminəm ki, Azərbaycan mədəniyyəti inkişaf edir. Mediadan bildiyim qədəri ilə ölkənizdə teatr və kino inkişaf edib. Bütün bu inkişafı gözlərimlə canlı görməyə çox şad olacağam”.

Vladimir Maşkov son çəkildiyi “Odessa gəmisi” filmində görkəmli Azərbaycan musiqiçisi, bəstəkarı Polad Bülbüloğlunun ifasının səsləndirilməsinin təsadüfi olmadığını da vurğulayıb: “Mən Polad Bülbüloğlunun mahnıları ilə böyümüşəm. Atam və anam da onu çox sevirdilər. Oxuduğum ilk mahnılardan biri Polad Bülbüloğlunun "Doqonyu, doqonyu" mahnısı olub. Odur ki, mənim ürəyim və sevgim hər zaman Azərbaycanladır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR