Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub - FOTO

Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub - FOTO
# 19 sentyabr 2020 12:58 (UTC +04:00)

Şamaxı rayonunda yerləşən və XIV əsrə aid olan Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu tamaşa ölkəmizdə ilk dəfə olaraq təbii dekorasiyadan istifadə edilərək-açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olunub.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümündə, 18 sentyabr-Milli Musiqi Günündə təqdim olunan bu premyera eyni zamanda Mingəçevir Dövlət Dram Teatrının milli musiqimizə, mədəni irsimizə töhfəsidir.

Tamaşa şifahi xalq ədəbiyyatı nümunələrindən olan “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanıb. Tamaşanın səhnələşdirəni Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Rəfael Haşimov (Əməkdar rəssam), musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluş müəllifi Eyvaz Əliyev, rejissoru Cavid Təvəkkül, layihənin rəhbəri Səxavət Məmmədovdur. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və teatrın gənc aktyorları iştirak ediblər.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edir. Kələxana türbələri də Şamaxıya gələn qonaqlar tərəfindən daha çox ziyarət olunan məkanlardandır.

Qeyd edək ki, açıq havada bu tamaşanın hazırlanması və təqdimatı zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR