Şirin Məlikova: “Qarabağ, Naxçıvan, Şamaxı xalçaları çox yerdə Qafqaz xalçaları kimi təqdim olunur” - MÜSAHİBƏ

Şirin Məlikova: “Qarabağ, Naxçıvan, Şamaxı xalçaları çox yerdə Qafqaz xalçaları kimi təqdim olunur” - MÜSAHİBƏ
# 04 mart 2020 15:04 (UTC +04:00)

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın APA-ya müsahibəsi

- Ötən il Azərbaycan Milli Xalça Muzeyi ən çox ziyarətçi qəbul edən muzey oldu. Bu uğurun əsasında nə dayanır: qiymət siyasəti, uğurlu piar strategiyası, yoxsa başqa səbəblər var?

- Bəli, biz keçən il 2018-ci ilin rekordunu da yenilədik: əgər 2018-ci ildə 110 min nəfərdən çox ziyarətçi qəbul etmişdiksə, ötən il bu rəqəm 123 mindən artıq oldu. Ziyarətçilərin çox olmasının səbəbi təbii ki, muzeyin fəaliyyəti, orijinal memarlıq quruluşu və unikal kolleksiyası ilə bağlıdır. Milli Xalça Muzeyi Azərbaycanda yeganə muzeydir ki, son 3 ildə ardıcıl olaraq dünyada ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı” mükafatına layiq görülür. Bu, çox böyük uğurdur. Bildiyiniz kimi, turistlər yeni ölkəyə gələndə öncə o ölkənin mədəniyyətini, xarakterik-səciyyəvi cəhətlərini öyrənmək istəyirlər. Azərbaycanda da belə məkan Xalça Muzeyidir. Ona görə ki, burada milli ənənələrimiz ziyarətçilərə çox gözəl şəkildə təqdim olunur.

- Muzeyin ziyarətçiləri arasında turistlər çoxluq təşkil edir?

- Bildiyiniz kimi, Azərbaycanın tarixi-memarlıq abidələri buraya gələn hər bir turistin diqqətini cəlb edir. Müasir dövrümüzdə Azərbaycana gələn turistlərin ən çox görmək istədikləri məkanlar arasında Heydər Əliyev Mərkəzi və Azərbaycan Milli Xalça Muzeyi ilk sıradadır. Onu da qeyd edim ki, ötən ildən başlayaraq fəaliyyətimizi, həmçinin auditoriyamızı daha da genişləndirmişik. Belə ki, dövlətimizin apardığı siyasətin davamı olaraq və dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanlar üçün inklüziv layihə və proqramları müvəffəqiyyətlə həyata keçiririk. Məhz bu səbəbdəndir ki, muzeydə tez-tez əlil arabasında olan, bütün zallarda rahat və sərbəst hərəkət edən tamaşaçıları görmək mümkündür. Ekspozisiya, eksplikasiya mətnləri və etiketajlar elə tərtib olunub ki, onları oturaq vəziyyətdə də asanlıqla oxumaq və sensor monitorlardan istifadə etmək mümkündür. Daimi ekspozisiyada nümayiş olunan eksponatlar muzeyin “Ənənəvi texnologiya” şöbəsinin toxucuları tərəfindən toxunan milli ornamentlərin yer aldığı kiçik replikaları ilə müşayiət olunur. Bu cür interaktiv və taktil nümayiş xalçaların xüsusiyyətlərini ətraflı şəkildə anlamaq üçün zəruridir. Belə ki, muzeyin qonaqları, o cümlədən görmə məhdudiyyətli şəxslər xalçaları “görmək”, müxtəlif texnikalarla tanış olmaq və ornamentlərin formalarını hiss etmək imkanı əldə edirlər. İlk dəfə olaraq xovlu və xovsuz texnologiyanın birgə istifadə edildiyi replikaların üstün cəhəti həm də ondadır ki, bu görüntü xalçalarda 3D effekti yaradır. Dünyada ilk dəfə bizim muzeydə xalçanın inklüziv artefakta çevrildiyi layihə həyata keçirilib. Böyük muzeylərdə görmə qabiliyyəti məhdud insanların sənət əsərlərini taktil üsulla hiss etməsi üçün xüsusi lövhələr hazırlanır. Lakin xalça inklüziv artefakt kimi heç vaxt istifadə olunmayıb. Təbii ki, biz bu layihə üzərində işləyərkən “nou-hau” yaradacağımızı düşünmürdük. Məqsədimiz sadəcə o idi ki, kolleksiyamız daha çox insana əlçatan olsun.

- Bu yenilik digər muzeylərdə də tətbiq olunur, yoxsa yalnız bu muzeydədir?

- Bu layihə ötən ilin noyabr ayında geniş ictimaiyyətə təqdim olundu, inklüziv proqramlar üzrə beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirildi. Biz İCOM-un (Beynəlxalq Muzeylər Şurası) xətti ilə layihə barədə bəyanat yaydıq. Nəticədə, dünyanın bir çox muzeyindən məktublar ünvanlandı, bizimlə əməkdaşlıq etmək üçün müraciətlər edildi. Bunlardan biri də Rusiyanın məşhur Dövlət Ermitajı Muzeyidir.

- Ermitaj Muzeyi ilə əməkdaşlıq hansı formada həyata keçiriləcək?

- Məlumdur ki, Dövlət Ermitajı Muzeyində 2500 il yaşı olan və dünyanın ən qədim xalçası hesab edilən “Pazırıq” xalçası qorunub saxlanılır. Muzeyin direktoru Mixail Borisoviç Piotrovski təklif etdi ki, inklüziv layihəmizin davamı olaraq muzeyimizin toxucuları tərəfindən məhz “Pazırıq” xalçasının fraqmentləri də xovlu və xovsuz texnika ilə birlikdə tətbiq edilərək toxunsun. Biz də böyük məmnuniyyətlə təkliflə razılaşdıq. Lakin əməkdaşlığımız birtərəfli xarakter daşımır. Biz də onların inklüziv proqramını burada tətbiq edəcəyik. Düşünürəm ki, bu əməkdaşlıq Azərbaycan muzeyşünaslığı üçün çox böyük nailiyyətdir. Bundan başqa, qeyd etmək istərdim ki, 2017-ci ildə Avstriya hərrac evindən unikal bir xalça almışıq. Həmin eksponat XVII əsrin sonuna aid Şamaxı xalçasıdır. Dövlət Ermitajı Muzeyində kompozisiyası bu xalça ilə eyni olan daha qədim xalça var. Onları birlikdə nümayiş etdirmək mənim çox böyük arzum idi. Mixail Borisoviçin də təklifi ilə biz bu ilin noyabr ayında Sankt-Peterburqda keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində həmin xalçaların sərgisini təşkil edəcəyik. Bununla yanaşı, forum ərəfəsində Dövlət Ermitajında saxlanılan Azərbaycan xalçalarından ibarət kataloqun hazırlaması üzərində işləyirik.

- Ermitaj Muzeyində təxminən nə qədər Azərbaycan xalçası saxlanılır?

- Dövlət Ermitajı Muzeyi ilə əməkdaşlığımız yeni olduğu üçün dəqiq rəqəm deyə bilməyəcəyəm. Təəssüf ki, orada qorunan Azərbaycan xalçaları mütəxəssislər tərəfindən tam tədqiq edilməyib, onlar haqqında heç bir elmi məqalə yoxdur. Hazırda muzeyimizin elmi tədqiqatla məşğul olan əməkdaşları bu sahədə çalışırlar.

- Bildiyim qədəri ilə Azərbaycan Milli Xalça Muzeyi Rusiyanın digər muzeyləri ilə də əməkdaşlıq edir...

- Azərbaycan Milli Xalça Muzeyi yalnız Rusiya ilə deyil, digər ölkələrin muzeyləri ilə də əməkdaşlıq edir. Bildiyiniz kimi, xalçaçılığın inkişafına dövlət qayğısı ildən-ilə artır. Cənab Prezident İlham Əliyev 2018-ci ildə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamın “Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanması” və “Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi” bəndlərinin icrası istiqamətində Azərbaycan Milli Xalça Muzeyi məqsədyönlü layihələr həyata keçirir. Belə ki, apardığımız işlər nəticəsində Rusiyanın Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində ardıcıl olaraq 2 ildir ki, həm bizim muzeyin kolleksiyasından, həm də onların kolleksiyalarında olan Azərbaycana aid dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilər təşkil edilib və kataloq nəşr edilib. Bu muzeyin kolleksiyasında Azərbaycana aid çoxlu eksponat qorunub saxlanılır. Təəssüf ki, buradakı eksponatların etiketajlarında nöqsanlar var idi. Demək olar ki, bizə məxsus əsərlərin heç birinin etiketajında Azərbaycan adı qeyd edilməmişdi. Yəni əsərin məxsus olduğu şəhərin və ya kəndin adı olsa da, ölkə qeyd edilmədiyi üçün eksponatların Azərbaycana aid olduğu bilinmirdi. Əməkdaşlığımız və aparılan elmi tədqiqatlar nəticəsində daimi ekspozisiyada nümayiş olunan eksponatların etiketajlarında düzəlişlər edildi və onların yaradıldığı yer kimi artıq Azərbaycan göstərilir. Biz Rusiyanın ən böyük etnoqrafiya muzeyi olan Rusiya Etnoqrafiya Muzeyi ilə də əməkdaşlıq edirik. Burada qorunan, Azərbaycana aid xovlu və xovsuz xalça, həmçinin parça, tikmə, geyim, zərgərlik və metal nümunələrinə düzgün atribusiyanın verilməsi, onlardan ibarət sərgi və kataloqun hazırlanması üzərində işləyirik.

- Şirin xanım, yaxşı bir məqama toxundunuz. Azərbaycan xalçalarının kimlik məsələsi barədə danışmağınızı istərdim. Azərbaycan xalçalarının istər muzeylərdə, istərsə də müxtəlif yaradıcılıq məhsullarında İran xalçaları adı ilə təqdim edilməsinin dəfələrlə şahidi olmuşuq. Hazırda bu sahədə hansı işlər görülür?

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, dünyanın bir çox muzey, qalereya və şəxsi kolleksiyalarında Cənubi Azərbaycan - Təbriz, Ərdəbil xalçaları İran xalçaları kimi, Qarabağ, Naxçıvan, Şamaxı və digər bölgələrin xalçaları isə Qafqaz xalçaları kimi təqdim olunur. Biz bununla çox rastlaşırıq. Hazırda bu istiqamətdə muzeylərlə əlaqələr qurur və bu məsələləri aradan qaldırmağa çalışırıq.

- Əsasən, hansı muzeylərdə Azərbaycan xalçaları İran və ya Qafqaz xalçaları kimi verilir?

- Demək olar ki, əksər muzeylərdə belədir. Çox nadir hallarda Azərbaycan adının hallandığını görürük. Lakin keçən il bizim təşəbbüsümüzlə Luvr Muzeyində saxlanılan 3 Azərbaycan xalçası ölkəyə gətirildi və ilk dəfə burada sərgiləndi. Sevindirici haldır ki, bu xalçalar Luvrda Azərbaycan adı ilə təqdim olunur. Bu bizim üçün çox vacibdir. Çünki onların arasında Qarabağın “Çələbi” xalçaları da var. Biz, həmçinin, hazırda Türkiyə muzeyləri ilə də əməkdaşlıq edirik. İstanbuldakı ən böyük muzeylərdən olan Türk və İslam Əsərləri Muzeyinin daimi ekspozisiyasında Azərbaycan xalçaları nümayiş olunmur. Bu muzeydə də Azərbaycan xalçaları Qafqaz xalçaları kimi qeyd olunmuşdu. Əməkdaşlıq əlaqələri nəticəsində bu muzeylə birgə layihə həyata keçirmək qərarına gəldik. Burada olan Azərbaycana aid eksponatlara düzgün atribusiyanın verilməsi üçün bizim mütəxəssislərə Türk və İslam Əsərləri Muzeyinin fondlarında işləmək imkanı yaradıldı. Beləliklə, Türk və İslam Əsərləri Muzeyində qorunan 100-ə yaxın nadir Azərbaycan xalçasına düzgün atribusiya verildi, həmin xalçalardan ibarət türk və ingilis dilində nəfis tərtibatlı kataloq hazırlandı. Mart ayının 13-də Türk və İslam Əsərləri Muzeyində bu xalçalardan ibarət sərginin və kataloqun geniş ictimaiyyətə təqdimatı keçiriləcək. Qeyd edim ki, sərgi 3 ay davam edəcək və gələcəkdə Azərbaycanda da nümayiş olunacaq. Həmçinin bildirmək istərdim ki, Gürcüstan Milli Muzeyində İran və ya Qafqaz adı ilə təqdim olunan Azərbaycan xalça və xalça məmulatlarına da düzgün atribusiya verilib və həmin eksponatlardan ibarət kataloq nəşr edilib.

- Şirin xanım, xalça deyəndə ilk növbədə “Şeyx Səfi” xalçası yada düşür...

- Bəli, Səfəvilər dövründə toxunan XVI əsrə aid ən gözəl xalçadır.

- Hazırda Londonda, Viktoriya və Albert Muzeyində sərgilənən həmin xalça Böyük Britaniyada İran xalçası kimi, yoxsa Azərbaycan xalçası kimi tanınır?

- Bu da böyük bir problemdir. Çünki orada “Şeyx Səfi” xalçası Ərdəbil xalçası kimi təqdim olunur. Ola bilsin geniş kütlə Ərdəbilin vaxtı ilə Azərbaycan ərazisi olduğunu bilmir. Tarixi mənbələrdən məlumdur ki, Ərdəbil Azərbaycanın qüdrətli Səfəvilər dövlətinin əsas şəhərlərindən biri olub. İran muzeylərinin kolleksiyalarında da məhz Səfəvilər dövrünə aid çox sayda xalça var və onlar İran xalçaları kimi təqdim olunur. Onlara düzgün atribusiyanın verilməsi və pasportlarının dəyişdirilməsi çox çətin prosesdir və bu iş illər tələb edir. Çünki onların pasportları var və bir çox kataloqda bu xalçalar muzeyə qəbul edildikdə yazılan atribusiya ilə dərc olunub. Tutaq ki, biz Amerikanın hansısa muzeyində saxlanılan Azərbaycan xalçasını kitaba daxil edirik. Biz həmin xalçanın Amerikada sənədləşməsi necə aparılıbsa, kitaba da məlumatları orada qeyd edilən kimi daxil etməyə məcburuq.

- Ancaq yenə də bu sahədə işlər görülür, elədir?

- Bu sahədə uzun illərdir ki, davamlı işlər həyata keçirilir. 1983-cü ildən mütəmadi olaraq Bakıda keçirilən xalçaçılıqla bağlı beynəlxalq simpoziumlar və konfranslar, dəyərli xalça mütəxəssisimiz Lətif Kərimovun müəllifi olduğu 3 cildlik “Azərbaycan xalçası” və digər alimlərimizin xalça sənəti ilə bağlı kitabları, Azərbaycan Milli Xalça Muzeyinin yarandığı dövrdən indiyədək digər sahələrlə yanaşı, bu istiqamətdə də olan fəaliyyəti bu işlərin aparıldığını göstərən bariz nümunələrdir. Həmçinin, yuxarıda qeyd etdiyim kimi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində biz yeni-yeni layihələr həyata keçirməyə davam edirik. Belə ki, dünyanın müxtəlif muzeylərində olan Azərbaycan xalçalarından ibarət kataloqun hazırlanması üzərində işləyirik. İnternet vasitəsilə müxtəlif muzeylərlə əlaqələr qururuq. Qeyd edim ki, çox maraqlı və geniş informasiyalar toplamışıq. Məsələn, Yeni Zelandiya, Yaponiya, Meksika və bir çox digər ölkələrin muzeylərində Azərbaycan xalçalarının olduğunu aşkarlamışıq. Həmin muzeylərin əksəriyyəti xalça üzrə ixtisaslaşmadıqları üçün mütəxəssisləri yox dərəcəsindədir. Ona görə biz bu xalçaları ətraflı öyrənib, onların düzgün atribusiyasını həmin muzeylərə göndəririk ki, Azərbaycana aid olduqları mütləq qeyd edilsin.

- Bayaq dediyiniz kimi, bu il Luvrda nümayiş olunan bir neçə xalça Azərbaycana gətirilib burada sərgiləndi. “Şeyx Səfi” xalçasının da gələcəkdə Azərbaycanda nümayişi mümkündürmü?

- Bu xalça Viktoriya və Albert Muzeyinin daimi ekspozisiyasında sərgilənir. Ümumiyyətlə, deyim ki, onun ölçüsü çox böyükdür, uzunluğu on metrdən artıqdır. Üstəlik, “Şeyx Səfi” xalçası orada xüsusi rejimdə qorunur, yəni onu muzeydən çıxarmaq və başqa ölkəyə aparmaq çətindir. Məlumat üçün deyim ki, son illər Heydər Əliyev Fondu tərəfindən Azərbaycana aid 2 unikal xalça alınaraq muzeyimizə verilib. Biz də bu istiqamətdə işlərimizi davam etdiririk. Hərrac və şəxsi kolleksiyalarda olan orijinal Azərbaycan xalçalarını araşdırır və ölkəyə qaytarılmasına çalışırıq.

- Antik əşya dükanlarında satılan, turistlər tərəfindən alınıb xaricə çıxarılan xalçalarla bağlı hər hansı bir məhdudiyyət, nəzarət varmı?

- Mədəniyyət Nazirliyinin nəzdində Azərbaycan Milli Xalça Muzeyində Ekspert komissiyası fəaliyyət göstərir. Onlar ölkədən çıxarılan xalçalara baxış keçirir və 1960-cı ildən əvvəl istehsal edilmiş xalçalar xaricə buraxılmır. Bəzən turistlər bununla razılaşmırlar. Ancaq bu bizim qanunumuzdur, onlar da qanuna əməl etməlidirlər.

- Bu yaxında Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Ağ Evdə görüşü zamanı yerə sərilmiş bir xalça diqqəti çəkdi. Mətbuatda həmin xalçanın Azərbaycan xalçası olması yazıldı. Bundan başqa, Ziqmund Freydin Avstriyadakı ev muzeyində də iki Azərbaycan xalçası var. Özü də bu xalçalar Freydin iş otağında, divanın üstündə yer alırmış. Bu kimi Azərbaycan xalçalarının oralara gedib çıxmasının tarixçəsi məlumdur?

- Bu, təsadüfi deyil. Onlarla belə nümunə göstərə bilərik. Azərbaycan xalçaları əsrlərdir ki, dünyanın bir çox muzey, qalereya, şəxsi kolleksiyalarını bəzəyir. Hətta kilsə divarları belə xalçalarla bəzədilirdi. Praqa şəhərində məşhur avstriyalı memar Adolf Loos tərəfindən dizayn edilmiş Müller villasında, İtaliya prezidentinin Romadakı iqamətgahında da Azərbaycan xalçalarına rast gəlinir. İtaliyada demək olar ki, hər bir ailədə bizim xalçalarımız olub və indiyə qədər də populyardırlar. Xalçalarımız bizim "səfirlərimizdir", əsrlər boyu ən qiymətli hədiyyə kimi krallara, səfirlərə hədiyyə edilib. Hətta xüsusi sifarişlə qızıl və gümüş saplarla işlənən xalçalarımız olub. Onların bir qismi Səfəvi şahları tərəfindən Osmanlı sultanlarına hədiyyə verilib. XVI əsrə aid olan bu xalçalar çox yaxşı vəziyyətdə qorunub saxlanmışdı. Bu xalçaların üzərində məhz canlılar-insan, heyvan, miniatürlərdən götürülmüş səhnələr və sair təsvir olunduğu üçün Osmanlı saraylarında belə xalçalardan istifadə edilmirdi. Sonrakı dövrlərdə belə xalçaları hərrac evlərindən əldə edən xaricilər hətta bu unikal xalçalardan ibarət sərgilər də təşkil etmişlər. Həmçinin qeyd etmək istərdim ki, XIX əsrin sonlarında Topqapı sarayında aşkarlanan bir çox süjetli xalçalar auksionlara çıxarıldı və xaricilər tərəfindən alınmağa başlandı. Bu gün də yüksək estetik görünüşə malik olan xalçalarımızdan xarici ölkələrdə sənətə böyük dəyər verən insanlar öz məişətlərində interyerlərin bəzədilməsində geniş istifadə edirlər.

- Bir vaxtlar azərbaycanlıların həyatında xalça əhəmiyyətli rola malik olsa da, son illər maraq bir qədər azalmışdı. Sizcə hazırda xalçaya maraq yenidən canlanıbmı?

- Məncə, bu məsələyə hər bir insanın fərdi yanaşması var. Ümumilikdə xalça azərbaycanlıların məişətində olub və bu gün də qalır. Ola bilsin ki, müasir dövrümüzdə cavan nəsil evlərin dizaynında xalçalarımızdan çox da istifadə etmir, amma mən sizi əmin edirəm ki, onlara maraq yenidən qayıdacaq. Biz regionlara tez-tez gedirik və xalça ənənəsinin qorunduğunun şahidi oluruq. Hətta bəziləri övladları üçün cehizlik xalçalar toxuyurlar. Bundan başqa, xalça sexləri də fəaliyyət göstərir. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu sənətə maraq gündən-günə artmaqdadır.

Foto: Nicat Əlili

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR