“Sənə nağıl danışım” nağıl müsabiqəsinə əsər qəbulu başa çatıb

“Sənə nağıl danışım” nağıl müsabiqəsinə əsər qəbulu başa çatıb
  • Clock-gray 13:38
  • calendar-gray 13 May 2020

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə keçirilən “Sənə nağıl danışım” nağıl müsabisinə əsər qəbulu başa çatıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 7-13 yaş arası uşaqları əhatə edən müsabiqəyə 400-ə yaxın nağıl təqdim olunub.

Nağılları tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti qiymətləndirəcək. Ümumilikdə 10 nağıl müəllifinin seçiləcəyi müsabiqənin şərtinə görə ilk iki yerin sahibini münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.

Həmçinin ilk üçlükdə yer alan nağıllar əsasında “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə tamaşa hazırlanacaq, karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatrsevərlərin ixtiyarına veriləcək.

Müsabiqənin ilkin nəticələri mayın sonunadək elan olunacaq. 

Qeyd edək ki, “Sənə nağıl danışım” adlı bu müsabiqə Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Kulis.az saytının dəstəyi ilə keçirilir. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər