Bakı Musiqi Akademiyasında Milli Musiqi Günü qeyd olunub

Bakı Musiqi Akademiyasında Milli Musiqi Günü qeyd olunub
# 18 sentyabr 2019 11:51 (UTC +04:00)

Milli Musiqi Günü münasibəti ilə Bakı Musiqi Akademiyasının qarşısında tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd olunur: "Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur. Azərbaycan musiqisi beynəlxalq aləmdə çox yüksək qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı dünyaya yenə də böyük sənətkarlar bəxş edəcək".

Nazir vurğulayıb ki, Milli Musiqi Gününü Qarabağda qeyd etməyənə kimi bu ağrı hər bir azərbaycanlının qəlbində qalacaq.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə Bakı Musiqi Akademiyasının 100 illiyinin qeyd ediləcəyini deyib: "Azərbaycan musiqisi, bu ocaq Üzeyir bəyin adı ilə bağlıdır. Bunu unutmamalıyıq. Mən cavanlara müraciət edirəm ki, bizim mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə Üzeyir Hacıbəylinin təkcə Azərbaycanın yox, bütün Şərqin günəşi olduğunu diqqətə çatdırıb: "Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun" operasını yazdıqdan sonra bizdə peşəkar bəstəkarlıq məktəbi yaradılıb. Biz bunu unutmamalı və hər zaman təbliğ etməliyik".

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR