Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək

Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
# 12 noyabr 2019 16:28 (UTC +04:00)

Noyabrın 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək.

APA-nın məlumatına görə, biennalenin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttfaqıdır.

Bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaqdır.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Həmçinin UNESCO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı təşkil olunacaq, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

“Alüminium” VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaq.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər.

Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR