"İslam sivilizasiyalarının mədəniyyət və irsi" adlı sərginin açılışı olub

"İslam sivilizasiyalarının mədəniyyət və irsi" adlı sərginin açılışı olub
# 15 noyabr 2019 19:00 (UTC +04:00)

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində "İslam sivilizasiyalarının mədəniyyət və irsi" adlı sərginin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Nazir Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən "İslam sivilizasiyalarının mədəniyyət və irsi" adlı sərginin əhəmiyyətini yüksək qiymətləndirib.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Misir və digər islam ölkələrinin irsinə həsr olunmuş əsərlərin, fotoların sərgiləndiyini vurğulayıb.

İSESCO - İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının keçmiş baş katibi Əbdüləziz bin Osman əl Tuveycri çıxış edərək Azərbaycanın islam aləmində tutduğu önəmli mövqeyindən danışıb.

O qeyd edib ki, Azərbaycan 1991-ci ildən İSESCO-nun üzvü kimi bu təşkilatla çox sıx əlaqələrə malikdir: “Bu sərgi bir daha Azərbaycanın dünya mədəniyyətinə, xüsusi ilə də islam mədəniyyətinə verdiyi önəmi bir daha təsdiq edir. Bu sərginin təşkilinə də görə Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirirəm”.

Sərgidə Azərbaycan Milli İncəsənət, Azərbaycan Milli Xalça və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeylərinin kolleksiyalarından eksponatlar da nümayiş etdirilir. Sərgidə nümayiş olunan fotoların müəllifi Etibar Cəfərovdur. İslam ölkələrinin keçdiyi inkişaf yolu günümüzə qədər çatmış monumental tikililərlə, yadigar qoyduqları qalalar, körpülər, qəsrlər, habelə müxtəlif maddi və qeyri-maddi mədəni irs nümunələri və sənət əsərləri ilə səciyyələnir. “İslam sivilizasiyasının mədəniyyət və irsi” adlı bu sərgidə müxtəlif ölkələrdəki İslam memarlıq nümunələrinin fotoşəkilləri təqdim olunur. Məscidlər, türbələr, təhsil ocaqları - mədrəsələr, zəngin kitabxanalar, karvansara, örtülü bazarlar, hamamlar öz inşa prinsipi ilə seçilir.

Müxtəlif xəttatlıq üslubları ilə bəzədilən kitab və əlyazmalar, miniatür əsərləri, memarlıqda divar bəzəkləri, xalça, parça və tikmələrdə istifadə edilən yazılar, bədii metal üzərindəki işləmələrin əksəri sirli islam fəlsəfəsinin təsirindən bəhrələnən rəmzi məna daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR