Lənkəran teatrı yeni mövsümü Neftçalada açıb

Lənkəran teatrı yeni mövsümü Neftçalada açıb
# 27 sentyabr 2019 16:57 (UTC +04:00)

Lənkəran Dövlət Dram Teatrı yeni -129-cu mövsümünü bu gün Neftçalada açıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yeni mövsümü Neftçala Rayon Mədəniyyət Mərkəzində açan teatrın truppası İran yazıçısı Bəhram Beyzayinin “Senemar” tamaşasını nümayiş etdirib. İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Sayad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.

Həmçinin yeni mövsümdə yaradıcı kollektiv görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə töhfə olaraq ədibin “Vəfalı Səriyyə”, serb dramaturq Miodraq Bulatoviçin “Qodo gəldi” və digər səhnə əsərləri tamaşaya qoyulacaq.

Teatrın direktoru Tofiq Heydərov deyib ki, teatrın səhnəsində bu il Ə. Nesinin “Manyak”, T. Abdullayevin “Tilsimlənmiş qız”, M. Bayciyevin “Şənbə axşamı”, B. Beyzayinin “Senemar”, E. Əsgərovun “Sehirbazlar dərəsi” əsərləri tamaşaya hazırlanıb. Teatrın truppası İran İslam Respublikasının Ərdəbil, Tehran və Zəncan şəhərlərində keçirilən Beynəlxalq teatr festivallarında Azərbaycanı uğurla təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR