Milli Kitabxanada Mir Cəlal Paşayevə həsr olunan tədbir keçirilib

Milli Kitabxanada Mir Cəlal Paşayevə həsr olunan tədbir keçirilib
# 01 may 2018 12:28 (UTC +04:00)

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”, Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitablarının və “Mir Cəlal–110” elektron məlumat bazasının təqdimatı keçirilib. APA-nın məlumatına görə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ədibin 110 illik yubileyi münasibətilə nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”sında görkəmli yazıçının həyat və yaradıcılığına aid zəngin materiallar, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb.

İkinci dəfə çap olunan biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, “Ön söz” müəllifi xalq yazıçısı Elçindir.

Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub.

Əbülfəs Qarayevin sözlərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən başlanılan “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı və “Füzuli sənətkarlığı” əsəri Türkiyədə çap olunub.

Çıxışının sonunda nazir Mir Cəlalın 1950-ci ildə Çexiyada çex dilində işıq üzü görən “Bir gəncin manifesti” romanının bərpa olunmuş nüsxəsini ədibin oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayevə təqdim edib. Qeyd edilib ki, bu yazıçının rus dilindən sonra xarici dilə tərcümə olunmuş ilk əsəridir.

Tədbirdə “Mir Cəlal. Biblioqrafiya”sının “Ön söz” müəllifi, Xalq Yazıçısı Elçin Əfəndiyev ədibi həm yazıçı, həm də ədəbiyyatşünas alim kimi xarakterizə edərək onun əsərlərinin əbədiyaşarlığından söz açıb: “Mir Cəlal müəllimi ilk dəfə nə zaman gördüyüm yadıma gəlmir, amma onu bir müəllim, bir professor kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmayacaq: 1 sentyabr 1960-cı il. Mir Cəlal müəllim qələmini iki istiqamətdə sınayıb - bədii ədəbiyyat və ədəbiyyatşünaslıq. O, hər iki sahədə böyük uğur qazanaraq, bunlar arasında çox gözəl vəhdət yaratmışdı. Bu, heç də hər istedadlı adama nəsib olan xoşbəxtlik deyil. Mir Cəlal müəllim nə qədər böyük yazıçı, nasirdirsə, o qədər də böyük ədəbiyyatşünasdır. O, xoşbəxt bir yazıçıdır. Ona görə ki, bütün yaradıcılığı sovet dövrünə düşməsinə baxmayaraq, əsərləri bu gün də aktualdır, sevilə-sevilə oxunur”.

Təhsil nazirinin müavini Firudin Qurbanov böyük ziyalı haqqında söz deməyin çox böyük şərəf olduğunu, bu cür şəxsiyyətimizin olması ilə fəxr etdiyini söyləyib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, XX əsrdə ədəbi fikirdə öz sözünü demək heç də asan deyildi. Mir Cəlal məhz sözünü deyən böyük yazıçılardan olub.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, hər iki kitabın ərsəyə gəlməsi alimin yaradıcılığına verilən ən ali dəyərlərdən biridir.

Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, akademik Vasim Məmmədəliyev, professorlar Təhsin Mütəllimov və Buludxan Xəlilov çıxış edərək böyük ədəbin zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonra “Mir Cəlal–110” elektron məlumat bazasının təqdimatı olub.

Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edən Hafiz Paşayev, vaxtilə alimin tələbəsi olan insanları bir arada görməkdən məmnunluğunu ifa edib. O, atası ilə bağlı xatirələrini bölüşərək yaradıcılığından söz açıb, Mir Cəlal Paşayevin yaradıcılığının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR