Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib - FOTO

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib - FOTO
# 18 aprel 2022 14:51 (UTC +04:00)

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və İCOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əsas məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Onun sözlərinə görə, əlamətdar gün ölkəmizdə hər il geniş şəkildə qeyd olunur: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında milli mədəni irsimizin qorunması, tədqiqi, dünya miqyasında təbliği və eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin bərpası istiqamətində böyük işlər görülür.

Bu gün keçirilən tədbirdə qaldırılacaq mövzular və onlar ətrafında aparılacaq fikir mübadiləsi hər birimiz üçün mühüm məqamları sərgiləmiş olacaq. Fürsətdən istifadə edib İCOMOS-un vitse-prezidenti, xanım Zeynəb Gül Ünala iştirakına görə təşəkkür etmək istərdim. Dünən biz birlikdə Ağdam şəhərini ziyarət etdik, orada işğal nəticəsində baş vermiş dağıntıları gördük, lakin eyni zamanda yeni reallığa, dövlətimizin quruculuq işlərinə şahidlik etdik”.

İCOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycanda İCOMOS Milli Komitəsinin yaradılmasını alqışlayaraq quruma işində uğurlar arzulayıb: "İCOMOS - Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpası sahəsində çalışan təşkilatdır və UNESCO-nun maddi-mədəni irs məsələləri üzrə məşvərətçi qurumudur. İCOMOS – memarlar, tarixçilər, arxeoloqlar, incəsənət tarixçiləri, coğrafiyaşünaslar, antropoloqlar, mühəndislər və şəhərsalma mütəxəssislərindən ibarət geniş beynəlxalq şəbəkədir. Mədəni irs nümunələrinin mühafizəsi baxımından 1983-cü ildə İCOMOS-un təklifi ilə UNESCO tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması xüsusi əhəmiyyətə malikdir."

Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxışında Azərbaycan abidələrinin özünəməxsus xüsusiyyətləri haqqında danışıb. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi üçün zaman lazımdır: "Ağdam kimi bir şəhərimizi ermənilər darmadağın edib. Qarşımızda çox mühüm vəzifələr durur. Bizə zaman, insan faktoru, vəsait lazımdır. Azərbaycanda tarixi irsə olan münasibət bütün dövrlərdə çox ciddi olub. Hələ Sovet dövründə Heydər Əliyev bu məsələyə xüsusi diqqət yetirirdi".

Daha sonra forum öz işini “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi-mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrlə davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR