Fikrət Əmirovun məzarı ziyarət olunub - FOTO

Fikrət Əmirovun məzarı ziyarət olunub - FOTO
# 22 noyabr 2022 12:21 (UTC +04:00)

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.

APA xəbər verir ki, ziyarətdə Mədəniyyət Nazirliyinin nümayəndələri, bəstəkarın sənət dostları, həmçinin bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu gün milli mədəniyyətimizin parlaq simalarından biri, nəhəng və çox yaddaqalan, böyük izlər qoyan Fikrət Əmirovun anadan olmasından 100 il ötür: “Biz bu gün də deyə bilərik ki, o, daim yaşayır. Fikrət Əmirovun əsərləri bizim qəlbimizə yol açır. Onun musiqiləri bir çox dövlətlərdə, bir çox zallarda səslənib, həmin musiqiləri Azərbaycanın bütün guşələrindən eşitmək olar. Fikrət Əmirovun adı əbədiləşdirilib. Fikrət Əmirovun özü olmasa da, musiqisi onu yaşadır. Fikrət Əmirovun milli musiqiyə söykənən əsərləri dünyanın bir çox tanınan sayılan konsert salonlarında səsləndirilib”.

Xatırladaq ki, Fikrət Əmirov 1922-ci il 22 noyabr tarixində Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR