II “4.4 Qısa Tamaşalar Festivalı” başlayıb

II “4.4 Qısa Tamaşalar Festivalı” başlayıb
# 03 iyun 2022 10:51 (UTC +04:00)

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə II “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, festival “Şuşa İli”nə ithaf olunur.

Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq ki, bu da teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.

Janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir. Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. Mükafat fondu I yer üçün 5 min manat, II yer üçün, 3 min manat, III yer üçün 1500 manat müəyyən edilib. Hər yer üzrə bir qalib seçiləcək.

Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər. Festivala yalnız yeni tamaşalar qəbul edilir. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 45 dəqiqədən artıq olmamalıdır. İştirakçılar tamaşaların treylerini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar oktyabrın 15d-dən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Son tarixdən gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.

Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır. Təqdim edilməli materialların və sənədlərin siyahısı aşağıdakı kimidir: Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində 30-60 saniyəlik treyleri; tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində ümumi plan çəkilişi; tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır); məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF); tamaşanın rayderi.

Tamaşaların treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.

Əlavə məlumat üçün +994 50 6602025 nömrəsinə zəng etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR