İranlı rejissor Cəfər Pənahinin nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB

Cəfər Pənahi

© APA | Cəfər Pənahi

# 11 iyul 2022 19:15 (UTC +04:00)

İranlı kinorejissor Cəfər Pənahinin həbs səbəbi məlum olub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Fars agentliyi adı açıqlanmayan mənbəyə istinadla Cəfər Pənahi və digər bir neçə kinorejissorun həbsinin səbəbi kimi onların xarici mənbədən pul alaraq ölkədə iğtişaşlar yaratdıqlarını iddia edib.

Xəbərdə xarici mənbənin də digər bir əməliyyat nəticəsində həbs olunduğu qeyd olunur.

Fars agentliyi həbs olunan şəxslərin xarici kəşfiyyat orqanına bağlı mənbədən pul vəsaiti aldığını iddia edib.

Qeyd edək ki, Cəfər Pənahi bu gün daha iki rejissorun həbsi ilə əlaqədar keçirilən məhkəmədə iştirak edib və orada tutulub. Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin məhkəməsində iştirak edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

18:31

İranlı rejissor Cəfər Pənahi həbs edilib.

APA "qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat verilib.

Qeyd edilib ki, Pənahi daha iki rejissorun həbsinə etiraz aksiyasında iştirak etdiyinə görə tutulub. Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin azadlığa buraxılmasını tələb edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Bundan əvvəl isə dünya şöhrətli rejissor 2010-cu ilin martında hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə həbs edilib, 6 il müddətinə ev dustaqlığına məhkum edilib.

Sözügedən həbsdən sonra ona 20 il müddətində film çəkmək və müsahibə vermək qadağan edilib. Pənahi evdə Kann kinofestivalında nümayiş olunan “Bu film deyil” (2011) filmini çəkib.

2015-ci ildə onun “Taksi” filmi Berlin Film Festivalında “Qızıl Ayı” mükafatını, həmçinin Beynəlxalq Kino Mətbuat Federasiyasının (FIPRESCI) mükafatını qazanıb. Rejissor həmçinin Venesiya Film Festivalının da qalibidir.

Nihat Pir

Süleyman Fərzəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR