Jazzahead sərgisində Azərbaycan cazı nümayiş etdirilib

Jazzahead 2022

© APA | Jazzahead 2022

# 29 aprel 2022 09:36 (UTC +04:00)

Aprelin 28-də Almaniyada keçirilən Ümumdünya Jazzahead sərgisində Azərbaycan cazı haqqında stend nümayiş etdirib.

APA xəbər verir ki, stend Bakı Caz Festivalı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Sərgiyə dünyanın bir çox ölkəsindən 15 minə yaxın ziyarətçinin gəlməsi gözlənilir.

Bakı Caz Festivalı yarandığı gündən, 2006-cı ildən Jazzahead-də iştirak edir.

Bu il festivalla yanaşı, Azərbaycan pavilyonu Əfqan Rəsul və Diana Hacıyeva duetini dünya caz şəbəkəsi tərəfindən yüksək qiymətləndirilməyə iddialı yeni layihə kimi təqdim edib.

Bundan əlavə, Jazzahead üçün xüsusi olaraq Azərbaycan cazında və onun hüdudlarından kənarda baş verən ən son hadisələri geniş şəkildə işıqlandıran “Jazz Dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb.

Sərgidə Azərbaycan pavilyonu həmçinin gənc caz ifaçıları üçün “I am Jazzman!” 2022 beynəlxalq müsabiqəsinin açılışını elan edib.

Müsabiqəyə qatılmaq üçün Jazzahead sərgisinin ziyarətçiləri elə orada müraciət edə və qalib olmaq üçün Bakıya gələ biləcəklər.

Günün digər maraqlı hadisəsi İsfar Sarabskinin Bremendə keçirilən Deutscher Jazzpreis 2022-də iştirakı olub. Sarabskinin Planet albomu "İlin ən yaxşı xarici debüt albomu" nominasiyasına layiq görülüb və təqdim olunmuş yüzlərlə yeni layihələr arasından münsiflər heyəti tərəfindən seçilib.

Qeyd edək ki, Jazzahead 2022 aprelin 28-dən mayın 1-dək Bremen şəhərində keçirilən caz festival-sərgidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR