Musiqişünas Aida Hüseynova vəfat edib - VİDEO

Aida Hüseynova

© APA | Aida Hüseynova

# 21 iyun 2022 10:16 (UTC +04:00)

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynova vəfat edib.

Bu barədə APA-ya Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq Artisti Yeganə Axundova məlumat verib.

Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Sankt-Peterburq Konservatoriyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, ABŞ və Böyük Britaniyanın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və Kembric universitetlərində mühazirələr oxuyub. Onun təşəbbüsü ilə Ceykobs musiqi məktəbində “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq və Qərbin rastlaşması” fənləri yaradılıb.
Beş kitab və 200-dən çox məqalənin müəllifi olan həmyerlimiz Endryu Mellon, Fulbrayt təqaüdlərinə, eləcə də ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə layiq görülüb.

San-Fransiskoda keçirilən Dünya Musiqisi Festivalının məsləhətçilər şurasının üzvü, İpək Yolu Ansamblının, Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində, Mark Morris Rəqs Qrupunun, Üzeyir Hacıbəyilinin “Leyli və Məcnun” operasını təqdim edən irihəcmli layihənin elmi məsləhətçisi, ABŞ-ın Kollec Musiqi Cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Milli Musiqi Şurasının baş katibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR