Natiq Əliyev: “Özümü tanıyandan heykəltəraş olmaq istəmişəm” - MÜSAHİBƏ

Natiq Əliyev

© APA | Natiq Əliyev

# 11 may 2022 12:09 (UTC +04:00)

Xalq rəssamı, heykəltəraş Natiq Əliyevin APA-ya müsahibəsi

- Bu günlərdə Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı oldu. Musa Yaquba sevgi böyükdür. Bu amildən dolayı onun qəbirüstü abidəsini hazırlamaq böyük məsuliyyətdir. Bir müəllif kimi tənqidlərə hazır idiniz?

- Mən tənqiddən qorxmuram. Təbii ki, söhbət yerində olan tənqidlərdən gedir. Bir də mümkün deyil ki, bir işi hamı bəyənsin. Əgər heykəl ictimaiyyət arasına çıxırsa, ictimaiyyətin fikri nəzərə alınmalıdır, mütləq nəzərə alınmalıdır.


- “Sənət sənət üçündür” tezisini onda siz qəbul etmirsiniz. Düz başa düşdüm?

- Yox, mən onu da demirəm, mən deyirəm ki, əgər rəssam sırf özü üçün işləyirsə, bundan ötrü sərgilər var. Əsər sərgidə nümayiş olunur, kimsə bəyənir, kimsə bəyənmir, sərgi də bitir, əsəri götürürsən, vəssalam. Abidə isə meydandadır. Buna görə də ictimaiyyətin fikri mütləq nəzərə alınmalıdır.

- Axı kütləyə hesablanan sənət nə dərəcədə sənətdir?

- Bu o demək deyil ki, biz sənətin səviyyəsini aşağı salmalıyıq. Biz əksinə elə etməliyik ki, cəmiyyət onu başa düşsün, hətta bir az da artıq. Çünki hamının bəyəndiyi bir heykəl hazırlasaq, işin səviyyəsi çox aşağı düşə bilər. Onsuz da hamının fikri eyni olmur. İstənilən halda cəmiyyətin fikrini gözardı etmək olmaz. Sən hər işin yanında dayanıb ona izah vermirsən. Heykəl özü danışmalıdır. Balansı qorumaq vacibdir.

- Musa Yaqubun heykəlində balansı qoruya bildiniz? Ümumiyyətlə, necə düşünürsünüz bu heykəldə Musa dədənin ruhunu verə bildiniz?

- Heykəl mənim yaratdığım obrazdır, onu necə hiss edirəmsə, o cür işləmişəm. Bəlkə başqa bir rəssam başqa cür işləyə bilərdi. Mən çalışdım ki, Musa Yaqub yaradıcılığını, onun daxili aləmini imkan qədər verim. Hər halda orda müəyyən qədər çılğınlıq var.

- Qranitdə o çılğınlığı vermək sizə çətin olmadı?

- Hə, heykəlin qranitdə işlənməsi mütləq nəzərə alınmalıdır. Qolun və barmaqların fiqura bitişdirmədən işlənməsi, o xaotikliyin əksi - qranitdə bunlar çox çətindir. Biri var ki, heykəl zahirən dinamik, amma daxilən statik olur, yaxud da əksinə. Misir heykəllərinə baxsaq görərik ki, onlar ümumiyyətlə statikdir, ancaq daxili dinamika var. Ona görə heykəldə daxili dinamikanı vermək çətin və önəmlidir.

- Musa Yaqub yaradıcılığı ilə nə qədər tanışsınız?

- Əvvəlcədən də şairin yaradıcılığı ilə tanış idim, müəyyən şeirlərini oxumuşdum. Heykəli işlədiyim müddətdə isə bir daha onun həyat və yaradıcılığı ilə tanış oldum. Əgər bu olmasa, kompozisiya əmələ gəlmir.

- Sizə ən çox hansı şeiri ilham verdi?

- Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

Abidəyə fikir versəniz, onun bir əli daşın üzərindədir. Heykəldə plastikanın öz dili var. Biz əgər hamısını ədəbiyyat üzərində qursaq, o heykəl illüstrasiya olar. Heykələ uzaqdan baxanda onun üzünü görmürük, ümumi plastikasını görürük. Bizi cəlb edən ümumi hərəkət olur. Üz cizgiləri və digər elementləri sonradan görə bilirik. Detallar obraza tabedir.

- Bəs geyim necə?

- İnsanlar adətən, əməlləri ilə yadda qalır, libas obrazı tamamlayır. Musa Yaqub qalstuk taxmayıb, daim kostyum geyinməyib. Sadə görünüşdə olub, yəni özünə necə rahatdırsa, o cür. Mən hiss elədim ki, onu rahat bir geyimdə verməliyəm, kostyum, qalstukda işləsəydim, o Musa Yaqub olmazdı. Şairin obrazını açmaq üçün o geyim mənə daha yaxın oldu.

- Müəllif yalnız özün olanda rahatlıqla istədiyin mesajı verə bilirsən. Ancaq həmmüəllif olanda...

- Mən qərara almışam ki, daha həmmüəllif olmayacağam. Heç vaxt!

- Əliağa Vahidin heykəlindən sonra vermisiniz bu qərarı?

- Baxın, demişəm, yenə deyirəm: bu işi Rahibə (heykəltəraş Rahib Həsənov – red.) vermişdilər. Sadəcə o məni dəvət etmişdi. Abidənin qarşısındakı lövhədə də adım yazılıb. Çox xahiş edirəm, bu mövzunu açmayın. Xahiş edirəm.

Bu dəm Natiq müəllimin həyat yoldaşı Dürdanə xanım çay gətirir. Və məlum oldu ki, Natiq müəllim oruc tutub.

- Deməli, inanclı insansınız. Heykəltəraşlığa dinin münasibəti heç vaxt birmənalı olmayıb.

- Bəli, inanclı insanam. Mən düşünürəm ki, o heykəllər günah sayılır ki, ona səcdə olunur. Mənim düzəltdiyim heykələ səcdə etmirlər axı.

Emalatxananı gəzirəm, hazır və hazırlanmaqda olan heykəllərin az qala hər biri haqqında sual verirəm. Suallarıma ətraflı şəkildə cavab verir. Ta ki, ucaldılmayan heykəllərin sırasına çatana kimi.

- Bu ki, Tağıyevin abidəsidir (Tağıyevin fiqurunu göstərirəm).

- Hə, Tağıyevin abidəsidir. Müsabiqədə də iştirak etmişdi. Bu da Maqomayevin (Müslüm Moqamayevin heykəlini göstərir). Mənim verdiyim variant qəbul olunsaydı, heykəl bu cür olacaqdı - dənizin içində, qayaların üstündə.

- Müslümün ruhunu tamamilə heykəlin xaotikliyində göstərmisiniz.

- Hə, mən fiquru statik təsvir etsəm, o Müslüm olmazdı ki. Məsələn, serb yazıçısı Milorad Paviçin də abidəsini hazırlamışam (yanındakı heykəli göstərir). Paviçlə Müslümü eyni şəkildə, eyni yanaşma ilə təsvir edə bilməzdim.

- Paviçin abidəsini hazırlayanda onun əsərlərini oxumuşdunuz?

- Əlbəttə, heykəli hazırladığım ərəfədə onun dörd romanını oxudum. Sonra yazıçının həyat yoldaşı ilə görüşüb, müzakirələr apardıq.

- Ucaldılmayan heykəllərinizə görə məyus olmursunuz?

- Nə edə bilərəm? Mən özümə söz vermişəm ki, daha müsabiqələrdə iştirak etməyəcəyəm. Axırıncı dəfə Aşıq Ələsgərin heykəli ilə bağlı keçirilən müsabiqədə iştirak etmişəm, vəssalam. Onsuz elə bir yaşım da qalmayıb.

- Natiq müəllim, niyə belə deyirsiniz axı? Görün, şəhərdə sizin müəllifi olduğunuz nə qədər abidə var.

- Mən artıq real işlərlə məşğulam. Nə qədər vaxtımı sərf edirəm, bir dənə yox cavabına görə?

- İncikliyə qalanda Arif Qazıyev də deyirdi ki, Zivər bəy Əhmədbəyovun heykəlini mən ucaltmalı idim, ancaq iş Natiqə verildi.

- Arif Qazıyev mənim müəllimim olub, çox gözəl insan idi. Heykələ gəldikdə isə... O işi vermişdilər Arif müəllimə. Arif müəllim Zivər bəyin büstünü işlədi, ancaq nədənsə büstü qoymadılar. Sonra mənə onun heykəlini işləməyi təklif etdilər. Mən də dedim ki, büst işləməyəcəyəm, fiqur işləyəcəyəm. Beləcə mənim eskizim təsdiq olundu, işlədim. Yeri gəlsə, Arif müəllimi dörd il gözləmişəm.

- Zivər bəy Əhmədbəyovun mücadilə dolu həyatı, faciəvi ölümü... Onun abidəsini işləyərkən bu amillərdən hansınınsa təsirini hiss edib göstərmək istədiniz?

- Mən onun həyatının tragediyasını göstərmək istəmədim. Çünki mən optimist adamam, istəyirəm ki, bütün əsərlərdə optimizm olsun. Ona görə də Zivər bəyi yaradıcılığının ən yüksək zirvəsində təsvir etmişəm. Bakı şəhərinin planını göstərən yerdə... Sağ barmağı ilə o yeri işarə edir ki, orada onun layihəsi ilə bina tikilib. Hərə bir cür dünyasını dəyişir. O an qəhrəmanın həyatının ən əsas hissəsi deyil. Onu bizə tanıdan gördüyü işlərdir. Sənət əsərinə baxanda insanlar ilhamlanmalıdır.

Mən hesab edirəm ki, incəsənətdə pis şeylər göstərməməliyik. Hansısa bir tragediya varsa, bu artıq başqa məsələdir.

- Daha çox kimlərin heykəllərini işləmək sizə rahatdır?

- Yaradıcı insanların heykəlləri. Çünki o heykəllərdə diapazon geniş olur. Yəni ki, onların həyat tərzi kimi, fakturası da fərqli və maraqlıdır. Həmçinin, yaradıcı insanların abidəsini yaradarkən, onun həyatlarını oxuyursan, araşdırırsan, material çox olur. Onlarda obraz, xarizma var. Ona görə də yaradıcı adamların heykəllərini işləmək daha maraqlı olub həmişə.

- Fəxri xiyabanda müəllifi olduğunuz abidələr çoxdur.

- Hə, elədir: İlyas Əfəndiyev, Habil Əliyev, Zəlimxan Yaqub, Həqiqət Rzayeva, Cəlal Əliyev, Rəfiqə Əliyeva, Fəttah Heydərov, Cabir Novruz, Fikrət Qoca... Ora gedəndə qəbiristanlıqda olduğunu hiss eləmirsən. Orda səviyyəli heykəllər çoxdur. Birinci, yaxud İkinci Fəxri xiyaban üçün heykəl işləməyimdən asılı olmayaraq, abidəni elə işləyirəm ki, sanki park abidəsidir. O heykəllərin hər birini oradan götürüb parka aparmaq olar. Ümumiyyətlə, Fəxri xiyabanda çox yaxşı işlər var.

- Natiq müəllim, sizin xarici ölkələrdə də ucaldılan çox sayda abidəniz var. Başqa bir ölkə, həm də başqa bir mədəniyyət deməkdir. Abidə başqa ölkədə ucaldılacaqsa, hansı amillər nəzərə alınır?

- Hansısa bir dövlətdə heykəl qoyulursa, o dövlətin rəssamları, şuraları o işə baxır. Yəni elə-belə aparıb heykəli ucaltdım, elə bir şey yoxdur. Məsələn, mən o vaxt Kiyevdə Ulu Öndərin abidəsini işləyəndə gedib orda sıfırdan işə başlamışam. Yadımdadır, onda kombinatın müdiri mənə dedi ki, Natiq, biz sənin xətrini çox istəyirik, ancaq sənin hazırladığın abidə Avropada ucaldılır, bədii şura qəbul etmədən heykəli qoya bilmərik. Yaxud Mexikoda Xocalı abidəsini ucaldanda... Mexikoda çox qədim heykəltəraşlıq, incəsənət nümunələri var. Orda Natiq Əliyevi tanımırlar, qoyulan abidə Azərbaycanın adıdır. Onlar gördükləri heykəllə Azərbaycan heykəltəraşlığının səviyyəsini müəyyən edirlər. Görün, bu işin məsuliyyəti nə qədərdir?

- Hansı materialla işləmək sizin üçün daha rahatdır?

- Baxır mövzuya. Rahat material yoxdur, hərəsinin öz çətinliyi var. Son vaxtlar məni cəlb edən daşdır.

- Deyirlər ki, bir daşın yalnız bir dəfə yonulub nəsə olmaq şansı var. Ya adam olacaq, ya ağac. Heykəltəraşınsa başqa yolları həmişə var. O yollarda gözünüz qaldımı?

- (Gülümsəyir) Yox, qalmadı. Mən özümü tanıyandan heykəltəraş olmaq istəyirdim. Yadımdadır, Əzimzadə adına məktəbinə daxil olanda dünyanın xoşbəxti idim. Hərdən yanımda vəzifə söhbətləri gedir. Mən həmişə demişəm ki, mən vəzifə istəsəydim, gedib heykəltəraşlıq oxumazdım. Mənim üçün xoşbəxtlik məhz heykəltəraşlıqdır.

Foto İlkin Nəbiyev © APA Group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR