Nazirlik: Bakı Xoreoqrafiya Akademiyası ilə bağlı şikayətlər araşdırılır, ərizəçilər qəbul edilir

Nazirlik: Bakı Xoreoqrafiya Akademiyası ilə bağlı şikayətlər araşdırılır, ərizəçilər qəbul edilir
# 13 iyun 2022 10:58 (UTC +04:00)

Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyəti ilə bağlı Mədəniyyət Nazirliyinə daxil olan hər bir müraciətə diqqətlə yanaşılır.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib.

“Şikayət xarakterli ərizələrdə qeyd edilən məsələlərlə əlaqədar araşdırmalar aparılır, ərizəçilər qəbul edilir, onlara müraciətlərinə baxılmasının nəticəsi barədə Nazirlik tərəfindən rəsmi məlumat verilir. Eyni zamanda, Nazirliyə müəllim və valideynlər tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə minnətdarlıq və dəstək ifadə olunan müraciətlərin də mütəmadi olaraq daxil olduğu qeyd edilməlidir”, - vurğulanıb.

Qeyd olunub ki, çoxpilləli təhsil sisteminin mürəkkəbliyi, xoreoqrafiya təhsilinə xüsusi yanaşmanın olmaması səbəbindən Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətində müəyyən problemlərin yarandığını nəzərə alaraq, sözügedən təhsil müəssisəsinin rəhbərliyinin möhkəmləndirilməsi məqsədilə 2021/2022-ci tədris ilinin əvvəlində Akademiyanın rektorunun vəzifələrinin müvəqqəti icrası BXA-nın bədii rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmməd-zadəyə həvalə olunub.

“Nailə Məmməd-zadə Bakı Xoreoqrafiya Məktəbinin balet artisti ixtisası üzrə məzunudur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-baletmeyster, Moskva Dövlət Mədəniyyət İnstitutunda balet pedaqogikası ixtisası üzrə təhsil alıb”, - vurğulanıb.

Əlavə olunub ki, Bakı Xoreoqrafiya Akademiyasının yeni rəhbərliyi tərəfindən tədris prosesinin təşkilində olan problemlərin aradan qaldırılması, Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların qabiliyyətlərinin və ifaçılıq bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının reallaşdırılması və artırılması üçün əlverişli şəraitin yaradılması istiqamətində bir çox mühüm işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR