Nazirlik İsmayıl bəy Qutqaşınlının ev-muzeyinin təmiri məsələsinə münasibət bildirib

Nazirlik İsmayıl bəy Qutqaşınlının ev-muzeyinin təmiri məsələsinə münasibət bildirib
# 06 dekabr 2022 18:06 (UTC +04:00)

Görkəmli ictimai-siyasi xadim, yazıçı, general İsmayıl bəy Qutqaşınlının doğulduğu Qəbələ rayonunda olan ev-muzeyi və qəbirüstü abidəsi baxımsız haldadır. 1986-cı ildə yaradılan ev muzeyi artıq görkəmini itirib, bina dağılmaq üzrədir, divarlarda böyük çatlar yaranıb, dam örtüyü dağılıb. Yağışlar zamanı muzeyə su dolduğuna görə, əşyalar yararsız vəziyyətə düşüb. Ev-muzeyinin bir neçə otağında elektrik lampaları yanmır, elektrik xətləri yenidən qurulmalıdır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ev-muzeyinin təmiri məsələsi növbəti illərdə mümkündür.

“İsmayıl bəy Qutqaşınlının ev-muzeyi hazırda Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin filialı olaraq fəaliyyət göstərir. Muzeyin hazırki vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Mədəniyyət Nazirliyi tərəfindən muzeydə təmir və bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində növbəti illərdə baxılacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, sözügedən mövzu ilə bağlı bu yaxınlarda APA-da reportaj yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR