Nazirlik Türkiyə əleyhinə filmin Azərbaycanda nümayişinə münasibət bildirib

Nazirlik Türkiyə əleyhinə filmin Azərbaycanda nümayişinə münasibət bildirib
# 30 noyabr 2022 15:33 (UTC +04:00)

Mədəniyyət Nazirliyi "Odda - İki bacı" filminin Azərbaycanda nümayişi ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.

"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə nazirlik tərəfindən yayım vəsiqəsi verilməyib və istər nazirliyin tabeliyində fəaliyyət göstərən “Nizami” Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, iki gün öncə Almaniyanın Bakıdakı səfirliyi Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sözügedən filmin Azərbaycanda nümayiş olunacağı barədə məlumat yaymışdı. Həmçinin qeyd olunub ki, kinoteatrlar filmin nümayişini təxirə saldığı üçün film Aİ Film Festivalında göstərilə bilməyib. Qeyd olunub ki, filmin nümayişi 5 dekabr 2022-ci il bazar ertəsi saat 19:00-da Landmark lll, kinoteatr zalında baş tutacaq.

Xatırladaq ki, “Odda-İki bacı” filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin film süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR