“Silahın mistik gözəlliyi” adlı kataloq təqdim edilib - FOTO

“Silahın mistik gözəlliyi” adlı kataloq təqdim edilib - FOTO
# 03 oktyabr 2022 17:25 (UTC +04:00)

Azərbaycan Milli Tarixi Muzeyində "Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, AMEA-nın prezidenti vəzifələrini icra edən Arif Həşimov, həmçinin dövlət və ictimai qurumlarının nümayəndələri, alimlər, tədqiqatçılar, muzey əməkdaşları iştirak ediblər.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın hərb tarixinə diqqət çəkib: "Azərbaycan Ordusu bütün dünyaya 44 günlük Vətən müharibəsindən sonra sübut etdi ki, təkcə mədəniyyəti, ədəbiyyatı ilə deyil, həm də ordu gücü, silah gücü ilə seçilir".

Nazir qeyd edib ki, Azərbaycan ustaları çoxsaylı qoşunları silahlarla tam təmin edib: "Hazırda bu silahların bir çox nümunələri dünya muzeylərində qorunur və bu kataloq sübut edir ki, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin vacib sahəsi silahsazlıq, metalişləmə sənətləri olmuşdur və Azərbaycanın ənənəvi silahları Azərbaycan milli mədəniyyətinin ayrılmaz tərkib hissəsidir".

Kataloqun müəllifi muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov kataloq haqqında məlumat verərək, onun strukturu, kataloqda qeyd edilən məsələlər, təhlil olunan silahlar haqqında çıxış edib. Müəllif 300-dən artıq fotoşəkillərlə zənginləşdirilmiş, nəfis tərtibatda çap edilən kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətləri haqqında məlumat verib.

Çıxışlar və bədii hissə bitdikdən sonra qonaqlar muzeydə nümayiş olunan "Silahın mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR