Britaniya parlamentinin binasının təmiri 19 mlrd. dollara başa gələ bilər

Britaniya parlamentinin binasının təmiri 19 mlrd. dollara başa gələ bilər
# 27 dekabr 2021 12:02 (UTC +04:00)

Böyük Britaniya Parlamentinin tarixi binasının – qəzalı vəziyyətdə olan Vestminster sarayının əsaslı təmiri 14 mlrd. funt sterlinqə (18,7 mlrd. ABŞ dolları) başa gələ bilər ki, bu da ilkin hesablamadan üç dəfə artıqdır. Təmir işləri təxminən 20 il çəkə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Daily Telegraph" hökumətdəki mənbələrə istinadən yazır.

Hazırda müzakirə olunan plan layihəsinə görə, hər iki palatanın nümayəndələri xərcləri artırmamaq üçün bütün iş müddəti ərzində binanı tərk etməyə məcbur olacaqlar. Üç il bundan əvvəl parlamentarilərə təmirin 4 mlrd. funt sterlinqə (5,3 mlrd. dollar) başa gələcəyi və 6 ildən çox çəkməyəcəyi deyildikdən sonra onlar başqa binalara köçməyə dair razılıqlarını vermişdi. Lakin işlərin başlama vaxtı ilə bağlı qərar hələ verilməyib.

Millət vəkilləri, lordlar, tarixçilər və infrastruktur ekspertlərinin daxil olduğu binanın bərpası və təmiri təşkilatının nümayəndəsinin sözlərinə görə, hələlik məlumat 2022-ci ildə yoxlanılacaq ilkin hesablamalara əsaslanır. Bununla bağlı məlumatlar minlərlə saatlıq bina tədqiqatına əsaslanacaq.

Binanın təmiri və cari işlərinə hər il 127 mln. funt sterlinqədək (170 mln. dollar) vəsait xərclənir.

Xatırladaq ki, Temza çayının sahilində memarlar Çarlz Barri və Avqust Puqin tərəfindən layihələndirilmiş neo-qotik üslublunda inşa edilən bu bina 1871-ci ildə istifadəyə verilib. Onun ən məşhur elementi "Big-Ben" saat qülləsidir. 2012-ci ildən qüllə Kraliça II Yelizavetanın adını daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR