"Azərbaycan Dəmir Yolları" ötən il sərnişindaşımanı 36% artırıb

"Azərbaycan Dəmir Yolları" ötən il sərnişindaşımanı 36% artırıb
  • Clock-gray 13:46
  • calendar-gray 16 Yanvar 2020

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 3,849 mln. nəfər sərnişin daşıyıb, bu da 2018-ci ilim göstıricisi ilə müqayisədə 35,8% artım deməkdir.

APA-Economics”in məlumatına görə, bu barədə QSC-nın sədri Cavid Qurbanov 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası zamanı söyləyib.

Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya  və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin  yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci,  indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir. Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Qurbanovun sözlərinə görə, ümumilikdə yükdaşıma sahəsində 2018-ci il ilə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2% artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars  dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38% artıb.

Emil İsmayılov

Digər xəbərlər