"Azərişıq" işə qəbul üzrə interaktiv müsahibələrin tətbiqinə başlayıb

"Azərişıq" işə qəbul üzrə interaktiv müsahibələrin tətbiqinə başlayıb
# 17 yanvar 2020 15:13 (UTC +04:00)

“Azərişıq” ASC regionlar üzrə Səhmdar Cəmiyyətinə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsi məqsədilə yeni ildən interaktiv müsahibələrin tətbiqinə start verib.

"APA-Economics"in məlumatına görə, müsabiqələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir. Bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Belə ki, Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, həm zaman itkisinə yol vermir, həm də yol üçün əlavə xərc çəkmiş olmurlar. Bu operativliyin və işə qəbulda şəffaflığın təmin edilməsi üçün uğurlu vasitə hesab olunur.

İlk dəfə müasir teleprezent sistemi ilə Qərb regionundan canlı müsahibədə 14 namizəd iştirak edərək müxtəlif vəzifələr üzrə Tədris Mərkəzində kurs keçmələri üçün qeydiyyata alınıblar.

Qeyd edək ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.

“Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində Tədris Mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə Tədris Mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə Müəllim və professor heyəti tərəfindən SC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR