"NEQSOL Holding" "Vodafone Ukrayna" şirkətinin alışının yekunlaşmasını elan edib

"NEQSOL Holding" "Vodafone Ukrayna" şirkətinin alışının yekunlaşmasını elan edib
# 04 dekabr 2019 16:30 (UTC +04:00)

“NEQSOL Holding” “Vodafone Ukrayna” şirkətinin alışının yekunlaşmasını elan edir.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin alışının maliyyələşdirilməsi “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.”nin rəhbərliyi ilə beynəlxalq fond və maliyyə qurumları qrupu tərəfindən təmin edilib.

Daha əvvəl “NEQSOL Holding” MTS ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 mln ABŞ dolları, o cümlədən 84 mln. dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalayıb.

“J.P. Morgan Securities Plc” şirkəti “NEQSOL Holding” üçün maliyyə məsləhətçisi qismində çıxış edib. “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.” müvafiq maliyyə vəsaitini təşkil edib. Maliyyələşmə prosesi beynəlxalq banklardan və institusional investorlardan ibarət qrupun iştirakı ilə təmin edilib.

“NEQSOL Holding”in investisiya komandası “DLA Piper”, PwC, “Deloitte” və “Detecon” şirkətlərinin iştirakı ilə ümumi M&A prosesinə rəhbərlik edib.

“Biz Ukraynanın ən uğurlu şirkətlərindən birini əldə etməklə beynəlxalq genişlənmə strategiyamızı həyata keçiririk. Bu razılaşmanın ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə təşəkkür edirəm. Strateji investor olaraq bizim uzunmüddətli hədəflərimiz var və şirkətin gələcək inkişafı üçün öz töhfəmizi verəcəyik", - deyə “NEQSOL Holding”in təsisçisi və sahibi Nəsib Həsənov bildirib.

"“NEQSOL Holding” müxtəlif ölkələrdə və sahələrdə beynəlxalq təcrübəyə və uğurlara malikdir, ən yüksək beynəlxalq maliyyə və komplayns standartlarına uyğun fəaliyyət göstərir. Bunun sayəsində biz nüfuzlu beynəlxalq maliyyə qurumlarından böyük maliyyə vəsaiti cəlb edə bildik. Ukraynanın ikinci böyük telekommunikasiya şirkəti “Vodafone Ukrayna”nın alışını uğurla tamamladıq. Bu, bizim beynəlxalq genişlənmə və yeni bazarlara çıxış strategiyamızda növbəti mühüm mərhələdir. "J.P. Morgan", “Raiffeisen Bank International”, “DLA Piper”, “Linklaters”, “Deloitte”, PwC və “Detecon” kimi maliyyə vəsaitinin təşkilatçıları və məsləhətçiləri ilə sıx əməkdaşlıq sayəsində layihə rekord qısa müddətdə həyata keçirilib. Strategiyamıza əsaslanaraq, telekommunikasiya sahəsində qabaqcıl texnologiyalara və innovasiyalara davamlı investisiya yatırırıq", - deyə “NEQSOL Holding”in baş icraçı direktoru Yusif Cabbarov qeyd edib.

"Biz regional telekommunikasiya sektoruna əhəmiyyətli xarici sərmayə gətirən, Ukraynada möhtəşəm satınalmada iştirak etməkdən məmnunuq", - deyə "J.P. Morgan Securities Plc"də CEEMEA Kredit Maliyyələşməsi üzrə rəhbəri Puja Turner bildirib.

Qeyd edək ki, "NEQSOL Holding" müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək, 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Banqladeş və digər ölkələrdə fəaliyyət göstərir.

Hazırda qrupa Böyük Britaniyada qeydiyyatdan keçmiş "Nobel Oil Services" və "Nobel Upstream" şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən "Nobel Upstream" şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. "Nobel Oil Services" şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə, Qazaxıstan və Banqladeşdə fəaliyyət göstərir. Qrup "KCA Deutag", "Wood" və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.

2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.

2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub. "Norm" şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR