Dağıstanla Azərbaycanı tarixən inkişaf etmiş mehriban qonşuluq və dostluq münasibətləri birləşdirir.
APA xəbər verir ki, bunu Azərbaycanla Rusiya sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinin açılış mərasimində çıxış edən Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov deyib.
Abdulmuslimov Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun adından Azərbaycan xalqına dərin hörmət hissini bildirib: “Dağıstan Respublikası Rusiyanın ayrılmaz hissəsi olaraq Azərbaycanın ən yaxın qonşusu olmaqla qardaş Azərbaycanla iqtisadi və mədəni əlaqələrin inkişafında həmişə maraqlı olub”.
Onun sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi Dağıstanın əsas ticarət tərəfdaşıdır və ticarət həcmi hər il Dağıstanın xarici ticarət dövriyyəsinin ən azı 30 faizini təşkil edir.
Dağıstan hökumətinin başçısı vurğulayıb ki, qarşılıqlı faydalı əməkdaşlığın əsasını nəqliyyat kommunikasiyaları təşkil edir: “Hazırda ölkə rəhbərliyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Dağıstan ərazisindən keçən hissəsinin inkişafı üçün kompleks tədbirlər həyata keçirir. İlk növbədə, bu, "Qafqaz" federal yolunun genişləndirilməsi və yenidən qurulmasıdır ki, bu da yüklərin respublika ərazisindən tranzitinə sərf olunan vaxtı xeyli azaldacaq.
Göstərilən dəhliz çərçivəsində dəmir yolunun inkişafı üçün görülən işlər arasında Dərbənd-Azərbaycan dövlət sərhədi dəmir yolu hissəsinin yenidən qurulması, gömrük-keçid məntəqəsinin Dərbənddən “Samur” dəmiryolu stansiyasına köçürülməsini göstərmək olar ki, bu da dəhlizin ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”.
Abdulmuslimov Mahaçqala ilə Bakı arasında hava əlaqəsinin açılmasının vacibliyini də ayrıca vurğulayıb: “Qeyd etmək istəyirəm ki, hava əlaqələrinin açılması cəmiyyətdə çox müsbət qarşılanır. Bu, bizim - Dağıstan, Rusiya və Azərbaycanın müvafiq qurumlarının - birgə işimizin nəticəsidir. Qarşılıqlı fəaliyyət istiqaməti perspektivlidir, beynəlxalq ticarət və turizmlə əlaqəli sahələri inkişaf etdirməyə və hər iki tərəfin iqtisadi potensialının artımını təşviq etməyə qadirdir”.
O vurğulayıb ki, yaxın vaxtlarda “Qafqaz” federal magistralının yaxınlığında, o cümlədən dövlət sərhədindən keçən beynəlxalq keçid məntəqələrinin yaxınlığında topdansatış və logistika mərkəzlərinin tikilməsi planlaşdırılır.
Hökumət başçısı qeyd edib ki, ötən il Rusiya-Azərbaycan sərhədindəki keçid məntəqələrindən 240 mindən çox avtomobil keçib: “Bu rəqəmlər artıq münasibətlərimizin inkişafı üçün gömrük prosedurlarının, o cümlədən bu gün açılan obyektin keçidinin optimallaşdırılmasının və sürətləndirilməsinin bizim üçün nə qədər vacib olduğunu göstərir.
Respublikalarımız arasında əlaqələr həqiqətən də sabit yüksələn dinamika ilə xarakterizə olunur və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönəlib”.
Hacı Cavadov
Vəli Turan