AAYDA: Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

AAYDA: Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq
  • Clock-gray 11:45
  • calendar-gray 17 Fevral 2020

Xırdalan dairəsinin altından keçən avtomobil tunelində genişləndirmə işləri aparılması nəzərdə tutulur.

Bunu "APA-Economics"ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, tunel hər bir istiqamət üzrə iki hərəkət zolağından dörd hərəkət zolağınadək genişləndiriləcək.

"Bunun üçün ərazidə svay əsaslı istinad divarının inşası aparılır. Bundan başqa daha iki hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır. Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə işlər aparılır", - deyə A. Nəcəfli əlavə edib.

Agentliyinin mətbuat katibi əlavə edib ki, bundan başqa magistral yolda hər bir istiqamət üzrə iki hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər.

"Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan  şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək", - deyə A. Nəcəfli qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date