ARDNF Seuldakı daşınmaz əmlakını satıb

ARDNF Seuldakı daşınmaz əmlakını satıb
# 03 noyabr 2020 14:25 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli Payn Avenyu A Qülləsi 521,5 mlrd. Koreya vonu (təxminən 461 mln. ABŞ dolları) müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, 2011-ci ildə tikintisi başa çatmış həmin daşınmaz əmlakda icarəyə verilmə həcmləri üzrə müvafiq göstəricilər yuxarı olub və alınma tarixindən ARDNF sözügedən investisiyadan sabit icarə gəlirləri əldə edib. ARDNF qeyd edilən daşınmaz əmlakı 2014-cü ilin mart ayında 470 mlrd. von (415,4 mln. dollar) ödəməklə satın alıb. Daşınmaz əmlakdan icarə üzrə gəlirlilik 31,4%, qiymət artımından gəlirlilik 4,8% olmaqla ümumi gəlirlilik 36,2% olub.

Əmlakın satışı ilə əlaqədar olaraq ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib: “Müasir standartlara cavab verən və əlverişli şərtlərlə əldə edilən Payn Avenyu A Qülləsi bizim üçün daşınmaz əmlak bazarındakı inkişaf perspektivlərindən yararlanmaq istiqamətində mühüm fürsət idi. Binanın uğurlu satışı bu strategiyanın doğruluğunu sübut etmiş oldu və müvafiq risk səviyyəsinə uyğun yüksək gəlirlilik əldə edildi. Bununla yanaşı, Payn Avenyu A Qülləsinin satışı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarının nə qədər dayanıqlı olmasını nümayiş etdirir. Bu aktivin satışı eyni zamanda ARDNF-nin əsasən daşınmaz əmlaka investisiya qoyan pay fondlarına yatırımlara söykənən yeni strategiyası ilə uyğunluq təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR