AZAL daha 296 Azərbaycan vətəndaşını təxliyə edib

AZAL daha 296 Azərbaycan vətəndaşını təxliyə edib
  • Clock-gray 18:04
  • calendar-gray 21 Mart 2020

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə bir sıra ölkələrlə hava nəqliyyatı müvəqqəti olaraq dayandırıldığından Azərbaycan Hava Yolları (AZAL) çarter reysləri həyata keçirməkdədir. 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması üçün bu gün Lənkəran beynəlxalq hava limanına iki çarter reysi yerinə yetirilib. Martın 21-nə keçən gecə AZAL aviaşirkəti tərəfindən Moskvadan Lənkərana çarter reysi ilə 48 nəfər Azərbaycan vətəndaşı gətirilib və müayinə üçün karantinə yerləşdirilib. 

Həmçinin martın 21-də AZAL tərəfindən İstanbuldan Lənkərana 248 nəfər Azərbaycan vətəndaşının gətirildiyi daha bir çarter reysi yerinə yetirilib.

Qeyd edək ki, martın 15-dən Azərbaycana hava nəqliyyatı vasitəsilə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 9000-dən çox sərnişin gətirilmişdir.

Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha  təmkinli və anlayışlı olmağa çağırırıq. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçdiyindən və karantinə yerləşdirildiyindən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. 

Vətəndaşlarımızı uçuş qrafikləri barədə məlumatları izləməyə və səfərlərini həmin qrafikə uyğun planlamağa çağırırıq.

 

apa-logo-mini

Digər xəbərlər