AZAL son nəsil aviasiya trenajoru alır

AZAL son nəsil aviasiya trenajoru alır
  • Clock-gray 15:07
  • calendar-gray 16 Dekabr 2019

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “FlightSafety International” şirkətindən “Embraer E-190” tipli təyyarə üçün son nəsil aviasiya trenajoru əldə edir.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, trenajor “Azərbaycan Hava Yolları” yanında Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində quraşdırılacaq.

Məlumata əsasən, müvafiq sazişi dekabrın 16-da Bakıda Azərbaycan tərəfdən AZAL prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, “FlightSafety International” tərəfdən isə aviasiya trenajorları xidmətləri üzrə icraçı direktor Con Van Maren və satış üzrə direktor Filipp Delfur imzalayıblar.

Müqavilənin ümumi dəyəri 11,5 mln. ABŞ dolları təşkil edir.

"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və sertifikatlaşdırılması üçün imkan yaradacaq. Sözügedən trenajorun alınması ilə bağlı ilkin razılıq bu ilin noyabr ayında “Dubai Air Show – 2019” sərgisi çərçivəsində əldə edilib.

“Milli Aviasiya Akademiyası Azərbaycanın mülki aviasiyası üçün kadrların hazırlandığı yerdir. Buna görə biz onun maddi-texniki bazanın genişləndirilməsi üzərində daim çalışırıq. MAA-nın rektoru akademik Arif Paşayev ilə birlikdə akademiyanın ərazisində trenajor komleksi üçün nəzərdə tutulmuş və inşası sona çatmaqda olan binanın tikilməsi barədə qərar qəbul etmişdik. “Embraer E-190” və “Boeing 787 Dreamliner” tipli təyyarələr üçün aviasiya trenajorları yerləşdiriləcək. Bugünkü sazişin imzalanması aviasiya sahəsində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması üçün səylə çalışdığımızın daha bir təsdiqidir", - deyə  C. Əsgərov qeyd edib.

Qeyd edək ki, sözügedən trenajorda Azərbaycanın aviaşirkətlərinin pilotları ilə yanaşı xarici aviaşirkətlərin də pilotları təlim keçəcək.

AZAL Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Nəzəri tədris şöbəsi hər il 7000-dən çox mülki aviasiya mütəxəssisinin 300-dən çox kvalifikasiyanın artırılması kurslarında iştirakını təmin edir. Təcrübə təlim şöbəsində peşəkar pilot bacarıqlarının əldə edilməsi və dəstəklənməsi üçün çox əhəmiyyətli olan dörd uçuş aviasiya trenajoru fəaliyyət göstərir – “Airbus A319 / 320”, “Boeing 757/767”, “ATR-42/72”, həmçinin “Mi-8AMT” vertolyotu.

““FlightSafety” AZAL-ın bu qabaqcıl aviasiya trenajorunun təchizatçısı kimi bizi seçdiyindən çox qürur duyur. Sözügedən trenajor ən yüksək standart olan “D” səviyyəsinə uyğundur. Bu, AZAL-ın təhlükəsizliyə sadiqliyini və pilotlarına ən yüksək keyfiyyətli və effektiv təlim verməsinin əyani təsdiqidir. Aviaşirkət ilə münasibətlərimizin genişlənməsinə və Azərbaycanda olmağımıza ümid edirik", - deyə Con Van Maren qeyd edib.

Emil İsmayılov

Digər xəbərlər