"American Airlines" bu ilin sonunda "Boeing 737 MAX" təyyarələri ilə uçuşları bərpa etmək niyyətindədir

"American Airlines" bu ilin sonunda "Boeing 737 MAX" təyyarələri ilə uçuşları bərpa etmək niyyətindədir
  • Clock-gray 10:12
  • calendar-gray 19 Oktyabr 2020

ABŞ-ın "American Airlines" aviaşirkəti 2020-ci ilin sonunda "Boeing 737 MAX" təyyarələri ilə uçuşları bərpa etməyi planlaşdırır.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə aviaşirkətin açıqlamasında deyilir.

Şirkətin məlumatına görə, "Boeing 737 MAX" təyyarələri ilə 29 dekabr 2020-ci il – 4 yanvar 2021-ci il tarixləri arasında gündə bir dəfə Mayəmi-Nyu-York aviareysi üzrə uçuşlar yerinə yetiriləcək. Sözügedən təyyarələrin yenidən uçmasına icazə verildikdən sonra "American Airlines" şirkəti MAX-ın istismara qayıtması məsələsində mərhələli bir yanaşma tətbiq edəcək.

Aviaşirkət təyyarələrin sertifikatlaşdırılması ilə bağlı ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) və "Boeing" korporasiyası ilə əlaqədə olduğunu bildirir.

Bundan əvvəl FAA-in rəhbəri, keçmiş pilot Stiven Dikson "Boeing 737 MAX" təyyarələrinin sınaq uçuşunu həyata keçirib. O bildirib ki, FAA "Ethiopian Airlines" və "Lion Air" şirkətlərinin avialaynerlərinin qəzasına səbəb olan bütün bilinən təhlükəsizlik məsələlərinin düzgün həll olunduğundan razı qalmayanadək sözügedən təyyarələrin sərnişin xidmətinə qaytarılmasını təsdiqləməyəcək.

Xatırladaq ki, ötən həftə Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) "Boeing 737 Max" təyyarələrini uçuşları bərpa etmək üçün kifayət qədər təhlükəsiz sayıb. EASA-nın baş direktoru Patrik Kayın sözlərinə görə, agentliyin apardığı təhlillər bu təyyarənin təhlükəsiz olduğunu göstərib və təhlükəsizlik səviyyəsi EASA üçün kifayət qədər yüksəkdir: "Təyyarənin uçuşa yararlılığı barədə təlimat sənədlərin son yoxlanışından sonra gələn ay veriləcək".

Qeyd edək ki, "Boeing 737 Max" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada və 2019-cu ilin martın 10-da Həbəşistanda) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Bu ilin iyul ayında "Boeing 737 Max" təyyarələrinin kütləvi istifadəsinin 2021-ci ilin yanvar-fevral aylarından əvvəl başlayacağı bildirilirdi.

APA-Economics

Digər xəbərlər