Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramının maliyyə təminatı müəyyənləşib

Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramının maliyyə təminatı müəyyənləşib
  • Clock-gray 18:24
  • calendar-gray 17 Avqust 2020

Azərbaycan Respublikasında mülki aviasiyanın təhlükəsizliyinin təmini sistemi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vacib elementidir. Ölkə mülki aviasiyasının təhlükəsizlik strategiyasının məqsəd və vəzifələri beynəlxalq norma və prinsiplərə, habelə mütərəqqi xarici təcrübəyə əsaslanır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə bu gün təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramı “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Avropa Mülki Aviasiya Konfransının (ECAC) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının standartları və tövsiyə olunan təcrübəsi, habelə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların, habelə Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır və mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunmasına yönəlmiş qaydaların, eləcə də təşkilati tədbirlərin toplusundan ibarətdir.

Dövlət Proqramı özündə mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması sahəsində dövlət siyasətini və bu siyasətin reallaşdırılmasının təşkilati aspektlərini ehtiva edir.

Dövlət Proqramı aviasiya təhlükəsizliyinin tənzimlənməsini, eyni zamanda, belə təhlükəsizliyin təmin edilməsi sahəsində məqsədləri, vəzifələri, prinsipləri, maliyyə mənbələrini, əsas tədbirləri, vaxt çərçivələrini, vahid anlayış və terminologiyanı müəyyən edir və aviasiya təhlükəsizliyinin təmini sisteminin təşəkkülünə yönəlib.

Dövlət Proqramında aviasiya təhlükəsizliyi dedikdə insan və material resursları daxil olmaqla aviasiyanı qanunsuz müdaxilə aktlarından qorumaq üçün tədbirlər kompleksi olmaqla mülki aviasiya sahəsində aeroportların, hava gəmilərinin və mülki aviasiyanın digər obyektlərinin mühafizəsi, ekipaj üzvlərinin, xidmət personalının və sərnişinlərin həyat və sağlamlığının qorunması, əl yüklərinin, baqajın, poçtun, digər yüklərin və hava gəmilərindəki bort ehtiyatlarının yoxlanılması, hava gəmilərini zəbt etmək və qaçırmaq cəhdlərinin qarşısının alınması, təhlükə mənbələrinin və risk faktorlarının müəyyən edilməsi yolu ilə insanlara və əmlaka zərər vurulması riskinin minimuma endirilməsi məqsədilə həyata keçirilən, habelə uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin olunmasına xidmət edən kompleks tədbirlər nəzərdə tutulur.

Dövlət Proqramı daxili və beynəlxalq uçuşlara şamil edilir. Dövlət Proqramının icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsinin mütəmadi monitorinqini aparmaq, mülki aviasiyanın fəaliyyətinə mümkün təhdidləri müəyyən etmək və risklərin qiymətləndirilməsini aparmaq, uçuşların ümumi təhlükəsizlik səviyyəsini artırmaq tələb olunur.

Bu vəzifələrin yerinə yetirilməsi aviasiya təhlükəsizliyinin və uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, insan itkilərinin və iqtisadi itkilərin qarşısının alınmasına kömək göstərəcək və davamlı inkişafa münbit şərait yaradacaq.

Dövlət Proqramının maliyyə təminatı da məlum olub.

Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə xərclərin Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun olaraq maliyyələşdirilməsi nəzərdə tutulur.

Aeroport istismarçılarının aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə xərcləri həmin aeroportlarda göstərilən xidmətlərdən istifadə edən aviasiya müəssisələrinin ödədikləri yığımlar hesabına təmin edilir.

Aviasiya təhlükəsizliyinin təmin edilməsinə görə yığımlar, sərnişinlərin sayı və (və ya) hava gəmisinin çəkisi nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun olaraq tətbiq edilir.

Aeroport istismarçıları aviasiya daşıyıcılarının və digər müəssisə, idarə və təşkilatların sifarişinə əsasən əlavə aviasiya təhlükəsizliyi tədbirləri həyata keçirdikdə, əlavə yığım tətbiq etmək hüququna malikdirlər.

Aviasiya təhlükəsizliyinin təmin edilməsinə görə yığımlardan yalnız aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün istifadə olunmalıdır.

Firuzə Vahid

Digər xəbərlər