"Azercell" 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini açıqlayıb - FOTO

"Azercell" 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini açıqlayıb - FOTO
  • Clock-gray 11:36
  • calendar-gray 29 Yanvar 2020

“Azercell Telekom” şirkəti Tələbə Təqaüd Proqramı üzrə qalib gələn tələbələrin təntənəli mükafatlandırma mərasimini keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, şirkətin İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova qalibləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. “Yarandığı gündən etibarən “Azercell” tələbələrin fərdi və peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, bu istiqamətdə yeni imkanların yaradılması üzərində çalışır. Biz istedadlı gənclərin elmi fəaliyyətinin təşviqinə yönəlmiş bir sıra layihələrin təşəbbüskarı olmaqdan qürur duyuruq. Artıq 12 ildir ki, “Azercell” hər il ənənəvi olaraq tələbələr üçün Təcrübə və Təqaüd proqramları həyata keçirir və şirkətimiz bu günə qədər 230-dan çox tələbəyə təqaüd ayırıb”, - deyə V. Mürsəliyev tədbirdə çıxışı zamanı qeyd edib.

Xatırladaq ki, “Azercell”in Tələbə Təqaüdü proqramına müraciətlərin qəbulu cari ilin sentyabr ayında açıq elan olunub. Müraciət etmiş 1 750 tələbədən, 741 öncədən qoyulan tələblərə cavab verərək, mərhələli seçim prosesinə dəvət alıblar.  Proqramda iştirak edən bütün tələbələr üçün bərabər şəraitin yaradılması məqsədilə İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri üç ay ərzində paytaxt və bölgə universitetlərinin tələbələri ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, bu il 28 tələbə “Azercell” təqaüdçüsü adına layiq görülüb. Təqaüdçülərin 9-u Bakı, 10-u bölgə təhsil müəssisələrinin tələbələridir. Digər 9 tələbə isə 2017-ci ildə Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH tələbələri sırasından seçilib. Qaliblər ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə ediblər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər