"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini 85%-ə çatdırıb - FOTO

"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini 85%-ə çatdırıb - FOTO
# 08 dekabr 2020 12:26 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru sayılan “Azercell Telekom” şirkəti ötən ilin əvvəlindən etibarən ölkədə LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirməkdədir. Bu müddət ərzində “Azercell” şəbəkənin əhatə dairəsinin kifayət qədər genişlənməsinə, abunəçilərini təkcə paytaxtda deyil, regionlarda da keyfiyyətli xidmətlə təmin etməyə nail olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu il yanvarın 1-dən bu il noyabrın 1-dək Azərbaycanda “Azercell”in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35,9%-dən 85%-ə yüksəlib. Bu müddət ərzində LTE üzərindən çalışan baza stansiyalarının sayı da sürətlə artırılıb. Belə ki, bu texnologiya üzərindən çalışan ümumi radio baza stansiyalarının sayı 828-dən 2616-ya yüksəlib. Təkcə 2020-ci ilin yanvar-oktyabr ayları ərzində 721 belə stansiya istifadəyə verilib.

“Azercell”in LTE şəbəkəsinin coğrafi əhatə dairəsi isə 2019-cu ilin yanvar ayından cari ilin 1 oktyabr tarixinə kimi 30,3%-dən 69,5%-ə çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib: “Bura həmçinin müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş bölgələr də daxildir. “Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşada dördüncü nəsil LTE mobil stansiyalarının quraşdırılmasına başlayan ilk şirkətdir”.

“Azercell” artıq bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin digər mobil operatorlarından üstün olduğunu təsdiqləyib. Bunu “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları da LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu sübut edib.

LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması işləri Bakıda da həyata keçirilir. Xüsusilə, Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndirilməsi tam sürətlə davam edir. Layihə çərçivəsində metronun 8 stansiyasında işlər artıq yekunlaşıb. Bununla yanaşı, metro stansiyalarında LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktivləşdirilib ki, bu da metro açıldıqdan sonra sərnişinlərin yüksək sürətli internetdən istifadəsini təmin edəcək.

LTE şəbəkəsinin təkmilləşdirilməsinin məqsədi abunəçilərin gündəlik rabitə ehtiyaclarını operativ və daha keyfiyyətli şəkildə ödəməkdir. “Azercell”in təqdim etdiyi LTE xidmətində böyük irəliləyişlər olduğundan, şəbəkədən istifadəçi sayı əhəmiyyətli dərəcədə yüksəlməkdədir.

Hazırda şirkət tərəfindən bütün ölkə boyu internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi texniki tədbirlər həyata keçirilir. “Azercell” bütün Azərbaycan ərazisini müasir mobil şəbəkə ilə əhatə etməyə, abunəçilərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR