"Azercell" qanvermə aksiyasına qoşulub ® - FOTO

"Azercell" qanvermə aksiyasına qoşulub ® - FOTO
  • Clock-gray 13:34
  • calendar-gray 13 May 2020

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” öz əməkdaşlarının timsalında növbəti mühüm sosial layihəni gerçəkləşdirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mayın 12-də şirkətdə Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub. Şirkətin prezidenti Vahid Mürsəliyev və bəzi departament direktorları da daxil olmaqla, “Azercell” əməkdaşları qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu humanist aksiyada həvəslə iştirak ediblər.

Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyaya “Azercell Telekom”un çoxsaylı əməkdaşı qatılıb. Peşəkar tibb vasitələrinin tətbiqi ilə icra edilən prosedur zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hematoloqlar hər bir donoru hərtərəfli tibbi müayinə etdikdən sonra onlardan qan götürüblər. Toplanmış qan ehtiyatı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan uşaqlara yönəldiləcək.

Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməklə yanaşı, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir. Çünki karantin rejiminin tətbiqi ilə əlaqədar yaranmış qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, “Azercell Telekom” həm korporativ səviyyədə, həm də işçilərinin təşəbbüsü ilə COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları həyata keçirib.

Hüseyn Vəliyev

Digər xəbərlər