Azərbaycan Prezidenti: “Biz canımızı torpaq kanallardan qurtarmalıyıq”

Azərbaycan Prezidenti: “Biz canımızı torpaq kanallardan qurtarmalıyıq”
# 05 aprel 2021 14:19 (UTC +04:00)

“Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

Prezident bildirilb ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır: “Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq”.

Dövlət başçısı qeyd edib ki, elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur: “Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”.

“Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin” deyən Azərbaycan Prezidenti bildirib ki, çünki hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. İlham Əliyev qeyd edib ki, ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir: “Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək. Bu sahənin inkişafı dövlətin özəl sektora göstərdiyi növbəti qayğının təzahürüdür. Çünki dövlət bütün xərcləri öz üzərinə götürür ki, fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi qalxsın. Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Ancaq əgər biz inkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil – suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR