Azərbaycan "Türkmentel-2020" konfransında təmsil olunub

Azərbaycan "Türkmentel-2020" konfransında təmsil olunub
# 26 noyabr 2020 10:13 (UTC +04:00)

13-cü Beynəlxalq Türkmənistan Rəqəmsal İqtisadiyyat və İnnovasiya Texnologiyaları ("Türkmentel-2020") konfransı keçirilib.

Regional Rabitə Birliyindən (RRB) “APA-Economics”ə verilən məlumata görə, onlayn formatda təşkil olunan konfransda iqtisadiyyatın rəqəmsallaşdırılması, peyk strategiyası, stasionar və mobil rabitə, həmçinin kibertəhlükəsizlik mövzularında sessiyalar təşkil olunub.

Tədbir iştirakçıları rəqəmsal transformasiyanın və davamlı iqtisadi inkişafda informasiya və kommunikasiya texnologiyalarının rolunu, regional və beynəlxalq əməkdaşlığı və Türkmənistana birbaşa xarici investisiyaların təşviqini müzakirə edib.

Konfransda Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Çjao, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, RRB-nin İcraiyyə Komitəsinin baş direktoru Nuruddin Muxitdinov, Avropa Telekommunikasiya Standartları İnstitutunun baş direktoru Luiz Corc Romero və başqaları çıxış ediblər.

Qeyd edək ki, “Türkmentel” uzun illərdir intensiv təcrübə mübadiləsi üçün platforma, telekommunikasiya sektoru nümayəndələri üçün isə görüş yeri olub. COVID-19 səbəbindən dünyadakı çətin epidemioloji vəziyyətə baxmayaraq, tədbir bu il də işini davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR