Azərbaycan aeroportları 2019-cu ildə yeni rekord vurublar

Azərbaycan aeroportları 2019-cu ildə yeni rekord vurublar
  • Clock-gray 12:20
  • calendar-gray 09 Yanvar 2020

Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. Ümumilikdə, 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 mln. nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata əsasən, paytaxt hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin yeni rekorda imza ataraq 4,73 mln. sərnişinə xidmət göstərmişdir ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur.

Sərnişin sayının artımı həmçinin Naxçıvan (646 min sərnişin, ötən ilin göstəricisindən 1,5% çox), Gəncə (154 min, 10% artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5% çox) hava limanlarında müşahidə olunmuşdur.

Məlumata əsasən, ötən il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – AZAL və "Buta Airways" müvafiq olaraq 2 mln. və 602 min sərnişin daşımışdırlar.

Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilmişdir. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 492 min sərnişin), “FlyDubai” (BƏƏ, 237 min), “Aeroflot” (Rusiya, 193 min), “AirArabia” (BƏƏ, 169 min), “UIA” (Ukrayna, 124 min), “Qatar Airways” (Qətər, 106 min), “Lufthansa” (Almaniya, 66 min) və “SCAT” (Qazaxıstan, 62 min) daxil olub.

Ötən il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirilib.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Ötən ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax World Airport Awards” versiyasına görə ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

Emil İsmayılov

Digər xəbərlər