Azərbaycan mobil rezidentlik proqramını genişləndirəcək

Azərbaycan mobil rezidentlik proqramını genişləndirəcək
  • Clock-gray 11:28
  • calendar-gray 03 İyun 2020

Yaxın gələcəkdə Azərbaycanın mobil rezidentlik ("m-Residency") proqramı dəfələrlə genişlənərək daha çox ölkədən və geniş spektrdən investorlarının cəlb etməyə imkan yaradacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bunu Mərkəzin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib.

Onun sözlərinə görə, dünyada neftə olan tələbin azalması, qeyri-neft sektorunun daha da önəm qazanması və rəqəmsallaşmanın sürətlə yayıldığı iqtisadi və siyasi fonda "m-Residecy" proqramı Azərbaycanın inkişafına daha da dəstək ola, onun tam rəqəmsal m-biznes mühiti təqdim etdiyini dünyaya tanıda və bu üsulla ölkəni regionda biznes və investisiya mərkəzinə çevirə bilər.

"Hazırda Azərbaycanın "m-Residency" proqramına 25-dən çox ölkədən 70-ə yaxın müraciət daxil olub və bu sayın ilin sonunadək 100-dən çox olacağı gözlənilir. Bu ölkələrə Fransa, İspaniya, Almaniya, Yunanıstan, İsveç, İsveçrə, Latviya, Litva, Estoniya, İsrail, Rusiya, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan və digərləri daxildir. Müraciət edən şəxslərin böyük əksəriyyəti artıq öz ölkələrində biznes üzrə uğur qazanıb, fəaliyyətlərini perspektivli ölkələrə genişləndirmək istəyən uğurlu iş adamlarıdır", - deyə N. Əsədli qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər