Azərbaycanda "Hökumət buludu"nun Milli Data Mərkəzi yaradılacaq

Azərbaycanda "Hökumət buludu"nun Milli Data Mərkəzi yaradılacaq
# 22 dekabr 2020 13:06 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin nəzdində fəaliyyət göstərən Data Mərkəzi əsasında “Hökumət buludu”nun (G-cloud) Milli Data Mərkəzi yaradılacaq.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu işlər “G-cloud”un yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilən “Hökumət buludu (G-cloud) konsepsiyası” və Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə hazırlanmış Keçid Planına əsasən həyata keçirilir.

“Hökumət buludu”nun coğrafi ehtiyatlılığını, dayanıqlı fəaliyyətini, arxivdən bərpasının təmin edilməsini və kiberhücumlar, fövqəladə hallar, hərbi vəziyyət zamanı məlumatların qorunmasını Milli Data Mərkəzi təmin edəcək. Bu mərkəz mühafizə olunması həyat təminatlı və mühüm əhəmiyyətli kritik infrastrukturdur.

Hazırda layihənin infrastrukturu hazırlanır və Keçid Planına uyğun olaraq dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası başlanacaq.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda həyata keçirilir. Sözügedən layihə informasiya sistemlərinin dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, “bulud” xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatın əldə edilməsinə imkan verən “bulud hesablama texnologiyası”dır. Bu texnologiyanın tətbiqi dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanılmasını, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırılmasını təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR