Azərbaycanda bu il tikinti-quraşdırma işlərinə 1,7 mlrd. manat sərf edilib

Azərbaycanda bu il tikinti-quraşdırma işlərinə 1,7 mlrd. manat sərf edilib
# 16 aprel 2020 12:38 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1684,3 mln. manatı və ya 57,5% bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında əsas kapitala 2 929,4 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1% azalıb.

Məlumata əsasən, istifadə olunmuş vəsaitin 2 021 mln.manatı və ya 69 faizi məhsul istehsalı sahələrinə, 619,7 mln. manatı (21,1%) xidmət sahələrinə, 288,7 mln. manatı (9,9%) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1703,5 mln. manatını və ya 58,2% daxili vəsaitlər əhatə edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9%, büdcə vəsaitləri 17,7%, əhalinin şəxsi vəsaitləri 6,4%, bank kreditləri 4,5%, sair vəsaitlər 2,7%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8% təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Goranboy və Qazax rayonlarında Mərkəzi Xəstəxana, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR