Azərbaycanda ilk dəfə Avropa regionunun EMS rəhbərlərinin beynəlxalq simpoziumu keçirilib - FOTO

Azərbaycanda ilk dəfə Avropa regionunun EMS rəhbərlərinin beynəlxalq simpoziumu keçirilib - FOTO
# 05 dekabr 2019 14:38 (UTC +04:00)

Ümumdünya Poçt İttifaqının EMS (sürətli poçt xidmətləri) kooperativi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Avropa regionu EMS rəhbərlərinin “EMS-2024: Gələcəyə baxış” mövzusunda beynəlxalq simpoziumu keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbirdə Ümumdünya Poçt İttifaqı və dünyanın 16 ölkəsini təmsil edən nümayəndə heyəti iştirak edir. Beynəlxalq tədbirin əsas mövzularına EMS bazarının hazırkı durumu, gələcəkdə bu xidmətlərin inkişaf etdirilməsi və Azərbaycanın sahə üzrə mövcud imkanları daxildir.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu il EMS kooperativi yaranmasının 20 illiyini qeyd edir. Mötəbər beynəlxalq simpoziumun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən nazir müavini tədbirin ölkəmiz və EMS kooperativi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Simpozium çərçivəsində EMS kooperativinin 2017-2020-ci illər ərzində biznes planı müzakirə olunub. Albaniya, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, İtaliya, Yaponiya, Niderland, Nigeriya, Norveç, Polşa, Rusiya, İspaniya, ABŞ, Türkiyə, eləcə də EMS kooperativinin nümayəndələri çıxış edərək bazarın inkişafı, Avropa regionundakı EMS ixracının görünüşü, imkanları və təhdidlərin təhlil ediblər. Bu istiqamətdə ixracın böyüməsi üçün regionda fəaliyyətin genişləndirilməsi istiqamətində məlumat verilib.

Tədbirdə vurğulanıb ki, simpoziumun məhz bu günlərdə təşkil olunması təsadüfi deyil. Belə ki, 3-6 dekabr tarixlərində ölkəmizdə “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçirilir. Dünyanın 16 ölkəsindən simpoziuma dəvət olunan iştirakçılar sərgini ziyarət edərək ölkəmizin texnologiya sahəsindəki yenilikləri ilə tanış olublar.

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının EMS kooperativi müştərilərə göstərilən xidmətləri gücləndirmək, əməkdaşlığı genişləndirmək və keyfiyyəti yüksəltmək məqsədilə hər il müxtəlif ölkələrdə simpoziumlar təşkil edir. Bu mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsi illərdir həyata keçirilən məqsədyönlü addımların nəticəsidir. “Azərpoçt” MMC-nin fəaliyyəti dəfələrlə beynəlxalq səviyyədə qiymətləndirilib. Ölkəmiz sürətli poçt xidmətlərinin (EMS) göstərilməsi üzrə Ümumdünya Poçt İttifaqı tərəfindən müxtəlif səviyyəli, o cümlədən 1 dəfə bürünc, 3 dəfə gümüş, 9 dəfə ardıcıl qızıl 9 dəfə qızıl sertifikatlarla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR