Azərbaycanda obyektlərin tikintisinə icazələrin alınması e-sistemlə mümkün olub

Azərbaycanda obyektlərin tikintisinə icazələrin alınması e-sistemlə mümkün olub
# 18 mart 2021 10:33 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazələrin verilməsi üzrə elektron sisteminin üstünlükləri növbəti onlayn seminarda bu dəfə ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələri üçün nümayiş olunub, şəhərsalma proseslərinə dair suallar cavablandırılıb və təkliflər müzakirə edilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, komitənin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə təşkil etdiyi vebinar iştirakçılarına tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində yeniliklər, islahatların üstünlüklərinin mahiyyəti və yaratdığı imkanlar, həmçinin “Bir pəncərə” elektron sisteminin artıq yenilənmiş funksionallığı və yaxın gələcəkdə daha çox xidmətləri əhatə etmək məqsədilə planlaşdırılan təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.

Məlumata görə, təşkilatçılarla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC və “Azərsu” ASC kimi dövlət qurumlarının əməkdaşlarının da qatıldığı bu vebinar çərçivəsində “Bir pəncərə” sisteminin funksionallığı və icazə proseduru mərhələlərlə iştirakçılara əyani şəkildə təqdim olunub. Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazənin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırmaqla məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını almağa imkan yaradıb.

Qeyd edilib ki, sistemin təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir və artıq portal vasitəsilə bütün növ obyektlərin tikintisinə icazələrin alınması da mümkün olub. Vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funksional bölməsi nümayiş olundu, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin elektron qaydada toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim olundu, ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələrinin səsləndirdiyi təkliflər dinlənilərək qeydə alınıb, sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR