Azərbaycanda ödəniş terminalları yeni əsginasların qəbuluna uyğunlaşdırılır

Azərbaycanda ödəniş terminalları yeni əsginasların qəbuluna uyğunlaşdırılır
# 13 yanvar 2021 15:35 (UTC +04:00)

Azərbaycanda istismarda olan ödəmə terminalları yeni əsginasların qəbuluna uyğunlaşdırılır.

Bu barədə "APA-Economics"ə "Komtec" ("MilliÖN" ödəmə terminallarının operatoru) şirkətindən bildirilib.

Qeyd olunub ki, yeni əsginaslar vasitəsilə "MilliÖN" ödəmə terminallarında xidmətlərin ödənişlərini aparmaq üçün artıq proqram təminatı yenilənir: "Yeniləmə işləri bitdikdən sonra əsginasların qəbulu mümkün olacaq".

Öz növbəsində, "eManat" terminallarının operatoru olan "Modenis" şirkətindən "APA-Economics"ə bildirilib ki, hazırda bu terminallarının bir çoxu artıq yeni əsginasların qəbuluna uyğunlaşdırılıb, digərlərinin isə üzərində işlər davam etdirilir: "Yaxın günlərdə prosesin başa çatacağı gözlənilir".

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib. Hazırda AMB tərəfindən yenilənmiş pul nişanlarının tədavülə buraxılmasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR